Yuxarı
    Bağlamaq

    ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

    Mustafa Babanlı: Nə yaxşı ki, bizim bu cür qəhrəman və igid oğullarımız olub və onlar ən ali zirvəyə ucalıblar

    Bakı. 18 yanvar. REPORT.AZ/Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirilib. 

    Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, rektor, professor Mustafa Babanlı, prorektorlar, professor-müəllim heyətinin iştirak etdiyi tədbir universitetin şəhid olan 3 tələbəsinin - Rahim Babayevin, Canpolad Orucovun və Ağabəy Novruzbəylinin barelyefləri qarşısında başlanıb. Onların vaxtı ilə oxuduqları fakültələrin qarşısında qoyulan barelyefləri önünə qərənfillər düzülüb şəhidlərin xatirəsi yad edilib.

    Şəhidlərin ailə üzvləri və yaxınlarının iştirak etdiyi anım tədbirində çıxış edən rektor M.Babanlı 27 il əvvəl baş verən hadisələrdən danışıb. ADNSU-nun şəhid olan tələbələrinin həmin günlərdə göstərdiyi şücaəti qeyd edən və ali məktəbin onların qəhrəmanlığını daim qürurla xatırladığını vurğulayan rektor M.Babanlı şəhidlərin yaxınlarına və ailə üzvlərinə anım tədbirində iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

    “ADNSU-nun şəhid olan tələbələri hər zaman bizim qürur yerimiz olub və olacaq da. Nə yaxşı ki, bizim bu cür qəhrəman və igid oğullarımız olub və onlar ən ali zirvəyə ucalıblar. Bu gün biz yaxşı təhsil almaqla və çalışmaqla müstəqilliyimiz üçün canını fəda edən şəhidlərin ruhu qarşısında öz borcumuzu yerinə yetirməliyik. Vətənə, millətə xeyir verməklə onların ruhunu şad etməliyik” - rektor bildirib.

    Tədbirdə iştirak edən şəhid yaxınları da öz ürək sözlərini deyib, onların doğmalarına göstərilən bu cür diqqətdən razı qaldıqlarını bildiriblər. Tədbir iştirakçıları 20 Yanvar hadisələrini və həmin gün şəhid olan qəhrəman oğulları bir daha yad edib, həmin təqvim gününün Azərbaycanın tarixində matəm izi ilə yanaşı, həm də şanlı bir iz qoyduğunu qeyd ediblər. Tədbir iştirakçıları 20 Yanvar günü yaşadılqarı anları xatırlayıb və torpaqlarımızın düşməndən azad olunacağı, şəhidlərin qanının yerdə qalmayacağı günün gələcəyinə inandıqlarını bildiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi