ADA Universitetində “Heydər Əliyevin ən çox sevdiyim şəkli” adlı tələbə-şagird yarışmasının qalibləri mükafatlandırılıb

ADA Universitetində “Heydər Əliyevin ən çox sevdiyim şəkli” adlı tələbə-şagird yarışmasının qalibləri mükafatlandırılıb Birinci yerə ADA Universitetinin tələbəsi Çingiz Zeynallı çıxıb
Elm və təhsil
8 May , 2015 15:51
ADA Universitetində “Heydər Əliyevin ən çox sevdiyim şəkli” adlı tələbə-şagird yarışmasının qalibləri mükafatlandırılıb

Bakı. 8 may. REPORT.AZ/ ADA Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Heydər Əliyevin ən çox sevdiyim şəkli” adlı plakat yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Bu barədə “Report”a universitetin mətbuat xidmətindən məlumat verilib.

132-134 nömrəli təhsil kompleksi ilə birgə təşkil edilən yarışmada ADA Universiteti tələbələri və təhsil kompleksinin şagirdləri verilən mövzu üzrə birgə çalışaraq 13 plakat hazırlayıblar. Münsiflər heyəti onların arasından üç komanda seçərək qaliblərə müxtəlif elektron oxu mobil cihazları hədiyyə edib.

Birinci yerə ADA Universitetinin tələbəsi Çingiz Zeynallı, 132-134 nömrəli təhsil kompleksinin şagirdləri Mədinə Hüseynova və Ağacəfər Səfərovun birgə hazırladıqları, üzərində müstəqil Azərbaycan dövlətinin xəritəsi hüdudlarına yerləşdirilən ulu öndərin fotosu və “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir” sözləri əks edilən plakat çıxıb.

Mərasimdə ADA Universitetində Təhsilin idarə edilməsi fakültəsinin dekanı Vəfa Kazdal, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, ADA Universitetinin Tədris işləri üzrə prorektoru Rameşvar Kanvar, ADA Universitetinin Hökumət, Beynəlxalq Münasibətlər və Tələbə əlaqələri üzrə prorektoru Fariz İsmayılzadə, eləcə də universitetin aparat rəhbəri Şəfəq Mehrəliyeva çıxış edərək, yarışma iştirakçılarına yaradıcı və səmimi yanaşmalarına görə minnətdarlıqlarını bildirib.

Dekan Vəfa Kazdal vurğulayıb ki, bu maraqlı müsabiqə çərçivəsində mayın 4-7-i ADA Universitetində nümayiş etdirilən plakatlar onları seyr edən bütün tələbələri “Heydər Əliyevin ən çox sevdiyim şəkli” mövzusunda düşündürüb, bir vətəndaş kimi ulu öndərin irsini necə davam etdirə biləcəkləri barədə fikir mübadiləsinə təkan verib.

132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova da bu kimi layihələri ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri və onun irsinin gənc nəslə aşılanmasına töhfə kimi dəyərləndirib.

Xatırladaq ki, bu ilin fevral ayında əldə edilən razılaşmaya əsasən, 132-134 nömrəli təhsil kompleksi ADA Universitetində Təhsilin idarə edilməsi fakültəsi üçün müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanması, yüksək ixtisaslı professor-müəllim kadrların yetişdirilməsi məqsədi ilə baza məktəbi kimi istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi