ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi Yay Düşərgəsinə start verilib

ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi Yay Düşərgəsinə start verilib 13-17 yaşlı məktəblilərin birinci qrupu 20 iyun – 1 iyul, ikinci 40 nəfərlik qrup isə 4-15 iyul tarixlərində düşərgədə olacaqlar
Elm və təhsil
20 İyun , 2016 13:00
ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi Yay Düşərgəsinə start verilib

Bakı. 20 iyun. REPORT.AZ/ ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi Yay Düşərgəsi başlayıb. ASC-nin mətbuat xidmətindən “Report”a bildirilib ki, universitetdə keçirilən açılış mərasimi ilə 40 məktəbli 11 günlük öyrədici və əyləncəli düşərgə həyatına start verib.

Açılış tədbirində ADA Universitetinin rektoru Hafiz Paşayev, “Təmiz Şəhər” ASC-nin rəhbəri Etibar Abbasov və hər iki qurumdan digər vəzifəli şəxslər iştirak edib.

Rektor yay məktəbinin ADA Universitetinin təhsil standartlarına cavab verəcək keyfiyyətdə olacağına diqqət çəkərək yeniyetmələrin düşərgədə çox faydalı biliklər əldə edəcəklərini bildirib. Onların bu müddət ərzində öyrənəcəklərinin gələcək inkişaflarında xüsusi əhəmiyyət daşıyacağını söyləyib.

ASC-nin rəhbəri Etibar Abbasov çıxış edərək düşərgə iştirakçılarını təbrik edib və yeniyetmələrə uğurlar arzulayıb.

“Təmiz Şəhər”in rəhbəri yay düşərgələrinin yeniyetmə və gənclər üçün faydalarından danışıb. O, gənclərin çox vaxt gələcək karyeralarını da bu cür məktəblərdə müəyyən etdiklərini deyib. Hətta “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsinin daha sonra səhmdar cəmiyyətdə işlə də təmin olunduğunu bildirib.

E.Abbasov bu dəfəki yay düşərgəsi iştirakçıları arasında da gələcək ADA Universiteti tələbələrinin və “Təmiz Şəhər” ASC əməkdaşlarının yetişəcəyinə əmin olduğunu qeyd edib.

Xatırladaq ki, 13-17 yaşlı məktəblilərin birinci qrupu 20 iyun – 1 iyul, ikinci 40 nəfərlik qrup isə 4-15 iyul tarixlərində düşərgədə olacaqlar.

Düşərgə proqramı akademik və yaradıcı hissədən ibarət olacaq: iştirakçılar ümumi dünyagörüşünü, məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirəcək, yeni dostlar qazanacaqlar. Yeniyetmələrə kommunikasiya, media, fotoqrafiya, kompyuter proqram təminatı kimi sahələr üzrə də dərslər keçiləcək.

Bununla yanaşı, məktəblilər tullantılarla rəftar, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak edəcəklər. “Təmiz Şəhər”in Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına baş çəkəcək, iş prosesi ilə yerində tanış olacaqlar. Həmçinin Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyinə tur təşkil olunacaq. Burada iştirakçılara tullantı materiallardan istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədiləcək.

Son xəbərlər

Orphus sistemi