Yuxarı

"ADA" Universiteti ilə yekun vurub

Bu il universitetin tələbələrinin sayı 1300-ə çatıb və onlardan 23-ü Prezident təqaüdçüsüdür

Bakı. 29 dekabr. REPORT.AZ/ "ADA" Universiteti 2014-cü ilə yekun vurub. "ADA"nın İctimaiyyətlə əlaqələr departamentindən "Report"a verilən məlumata görə, 2014-cü il "ADA" Universiterti üçün köklü dəyişikliklərlə yadda qalıb.

Məlumata əsasən, bu ilin yanvar ayında Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan “ADA” Universitetinin yaradılması haqqında sərəncam imzalayıb: "Yeni yaradılmış universitet Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərməyə davam etsə də, biznes, təhsilin idarə edilməsi və informasiya texnologiyaları kimi sahələrdə də akademik proqramların tədrisinə diqqət yetirəcək".

Məlumatda həmçinin qeyd olunub ki, 2014-cü ildə "ADA" Universitetinin tələbələrinin sayı 1300-ə çatıb və onlardan 23-ü Prezident təqaüdçüsüdür: "İl ərzində tələbələr Türkiyə, Qazaxıstan, Qırğızıstan, Çexiya, Monqolustan, Vyetnam, Yaponiya və Niderland Krallığı kimi ölkələrə səfərlər ediblər. Xarici İşlər Nazirliyinin təqdim etdiyi təqaüdlə hazırda "ADA" Universitetində dünyanın 32 ölkəsindən 62 tələbə təhsil alır. Bundan başqa, ADA dünyanın bir sıra universitetləri, institutlari və təşkilatları ilə anlaşma memorandumları imzalayıb. Eyni zamanda 2014-cü ildə "ADA" Universitetinin professor heyəti 25-dən artıq beynəlxalq elmi konfransda iştirak edib, nüfuzlu beynəlxalq akademik jurnal və kitablarda 10-dan artıq məqalələr çap olunub".

Məlumatda vurğulanıb ki, "ADA" il ərzində Əlimardan bəy Topçubaşovun 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans, II Fransa-Azərbacan Universitetləri Forumu, I Hollandiya-Azərbaycan Biznes Forumu, IX Bakı Yay Enerji Məktəbi, XX Qlobal Biznes və Texnologiya Assosasiyasının illik konfransı və “Mərkəzi Avrasiyada Nəqliyyat və Logistika” kimi bir sıra beynəlxalq tədbir və konfranslar təşkil edib. 2014-cü ildə "ADA"da bir sıra tanınmış siyasətçilər mühazirə deyiblər. Onların arasında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu, BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark, ABŞ Konqresinin üzvü Loretta Sançez və digərləri var. "ADA" Universitetinin “Fəxri doktoru” dərəcəsinə Con Hopkins Universitetinin professoru, dr. Fred Starr layiq görülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi