ABŞ-ın Smitsonian İnstitutunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

ABŞ-ın Smitsonian İnstitutunun nümayəndə heyəti Azərbaycanda səfərdədir İnstitutun üç muzey mütəxəssis Bakı və Qubada seminarlar keçirəcək
Elm və təhsil
17 Noyabr , 2015 14:57
ABŞ-ın Smitsonian İnstitutunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ-ın Smitsonian İnstitutunun nümayəndə heyəti Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Birləşmiş Ştatlar və Azərbaycan arasında mədəniyyət sahəsində mövcud olan əməkdaşlığı vurğulamaq məqsədilə səfirlik, böyük məmnuniyyətlə bu proqramı Azərbaycanda həyata keçirir.

Səfir Sekutanın adından, Smitsonian İnstitutunun Asiya Mədəniyyəti Tarixi Proqramının Direktoru və Asiya, Avropa və Orta Şərq Etnologiyası üzrə Kurator Dr. Pol Teylorun və Azərbaycanda mədəniyyət sahəsində çalışan liderlərin şərəfinə şam yeməyi təşkil olunub. Qonaqlara, ABŞ-ın Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi proqramı çərçivəsində Nyu-York şəhərindən Azərbaycana səfər edən “Gabrielle Stravelli” qrupunun caz musiqi konserti təqdim edilib. 

Azərbaycanın zəngin tarixini vurğulamaqla bərabər, Amerikanın milli muzeyi – Smitsonian İnstitutunun üç muzey mütəxəssisi, 100 nəfərdən çox azərbaycanlı alimin və muzey mütəxəssislərinin iştirakı ilə Bakı və Quba şəhərlərində “Muzeylərdə, Tarixi Obyektlərdə və Mədəniyyət Mərkəzlərində 21-ci Əsrin Kuratorluğu” mövzusunun müzakirəsinə həsr olunacaq seminarlar keçirəcək. Bu seminarlar, Birləşmiş Ştatlar səfirliyi tərəfindən Azərbaycanın Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyası ilə əməkdaşlıq əsasında təşkil olunacaqdır.

Smitsonian İnstitutunun mütəxəssisləri eyni zamanda Heydər Əliyev Mərkəzinə, Milli Xalça Muzeyinə, Müasir İncəsənət Muzeyinə, Milli İncəsənət Muzeyinə, “YARAT” təşkilatına, Arxeologiya və Etnoqrafiya Muzeyinə, Əlyazmalar İnstitutuna və Qubadakı Gümbəzli hamama səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi