Yuxarı

TQDK sədri: "9-cu və 11-ci sinif şagirdləri arasında oxumağı və yazmağı bacarmayanlar aşkar olunub"

Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub

Bakı. 11 fevral. REPORT.AZ/ "Çox acınacaqlı haldır ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında, nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb". "Report" xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimatında deyib.

Sədrin sözlərinə görə, bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar: "Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır. 

11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfər, 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı isə Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfərdir".

O, həmçinin qeyd edib ki, 9-cu siniflərin buraxılış imtahanlarında iştirak edən şagirdlərin yarısına yaxın bir hissəsi (45.83%-i) Azərbaycan dili fənni üzrə "3" qiymət alıb: "Riyaziyyat fənni üzrə "3" qiymət alanlar imtahanda iştirak edənlərin 38.22%-ni təşkil edib. Rus dili fənni üzrə imtahanda iştirak edənlərin 37.95%-i "3" qiymət alıb. Azərbaycan dili fənni üzrə buraxılış imtahanından "4" və "5" qiymət alanların nisbi sayı 28.14 faizə bərabər olduğu halda, rus dili fənni üzrə bu göstərici 53.80 faizə bərabərdir. İmtahandan qeyri-kafi qiymət alanların nisbi sayı ən çox riyaziyyat fənni üzrədir (29.99%). Bu göstərici Azərbaycan dili fənni üzrə 26.02, rus dili fənni üzrə 8.25 faizdir. Göründüyü kimi, rus bölməsində imtahan verən şagirdlərin göstəriciləri Azərbaycan bölməsi üzrə imtahan iştirakçılarının göstəricilərindən əhəmiyyətli dərəcədə üstün olub".

Buraxılış imtahanlarında aldıqları qiymətlərə görə 11-ci sinif şagirdlərinin paylanması 9-cu sinif şagirdlərinin paylanması ilə oxşar olduğunu deyən TQDK sədri vurğulayıb ki, burada Azərbaycan dili və riyaziyyat fənləri üzrə imtahanlardan "3" qiymət alanlar, rus dili fənni üzrə isə "4" qiymət alanlar üstünlük təşkil edib: "Ən pis göstəricilər Azərbaycan dili fənni üzrə, ən yaxşı göstəricilər isə rus dili fənni üzrə olub. İmtahandan qeyri-kafi qiymət alanların nisbi sayı Azərbaycan dili fənni üzrə 17.86 faizə, riyaziyyat fənni üzrə 19.75 faizə, rus dili fənni üzrə 4.23 faizə bərabərdir. "4" və "5" qiymət alan şagirdlərin nisbi sayı isə Azərbaycan dili fənni üzrə 44.96 faizə, riyaziyyat fənni üzrə 47.89 faizə, rus dili fənni üzrə 59.05 faizə bərabərdir. 9-cu və 11-ci sinif şagirdlərinin buraxılış imtahanları fənlərindən aldıqları qiymətlər üzrə paylanmasını müqayisə etdikdə, 11-ci sinif şagirdlərinin göstəricilərinin daha yaxşı olduğunu müşahidə edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi