Yuxarı
    Bağlamaq

    700 bal toplayan tələbə: "BANM-ın tələbəsi olmaqla həyatımın ən böyük arzusuna çatdım"

    Dinlə
    © BANM

    Bakı. 24 may. REPORT/ Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında 3 abituriyent 700 bal toplayıb. Onlardan biri də Vasif Əsədovdur. O, 2000-ci il sentyabrın 28-də İsmayıllıda anadan olub, ailəsinin böyük övladıdır. 2007-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbin birinci sinfinə daxil olub, bu il isə oranın məzunu olacaq. V.Əsədov BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

    "Report" həmin müsahibəni təqdim edir:

    - Təhsil almaq üçün niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiniz?

    - Düzü, kiçik yaşlarımdan mühəndislik sahəsinə böyük marağım olub. Həmçinin daha yaxşı biliklərə yiyələnə bilmək üçün xaricdə təhsil almağı da arzu etmişəm. Bu istiqamətdə bir universitet axtarışında idim və BANM qarşıma çıxdı. Sonra Ali Məktəb haqqında ətraflı araşdırmalara başladım və əmin oldum ki, BANM elə məhz mənim axtardığım bir yerdir.

    - İnkişafınız və bu uğurunuz üçün ən çox kimə borclusunuz?

    - İnkişafım və uğurum üçün müəllimlərimə, valideynlərimə və məktəb yoldaşlarıma borcluyam.

    - Hobbiniz varmı və ümumiyyətlə nə ilə məşğul olmağı daha çox sevirsiniz?

    - Daha çox kitab oxumağı sevirəm, hobbim kitab oxumaqdır deyə bilərəm. Qəbul imtahanına hazırlaşdığım son il istisna olmaqla, aşağı siniflərdən bədii kitab oxumağı əsas hobbiyə çevirmişəm. Amma bundan başqa şahmat və voleybol oynamağı, bir də döyüş növləri ilə məşğul olmağı sevirəm.

    - BANM-ı bitirdikdən sonra nə etməyi planlaşdırırsınız?

    - BANM-ı bitirdikdən sonra təhsilimi xarici ölkələrin birində, xüsusilə də ABŞ və ya Almaniyada davam etdirməyi düşünürəm.

    - Seçiminiz BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası olub. Niyə bu ixtisası seçdiniz?

    - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üçün keçid balı respublikada ən yüksək keçid balına çatdığına görə bu ixtisas mənim diqqətimi cəlb etdi. Mən həmişə rəqabəti sevmişəm. Bu ixtisasda rəqabətin ən yüksək səviyyədə olduğunu düşündüyüm üçün məhz onun üzərində dayandım. Nəzərə almaq lazımdır ki, bu ixtisasın ən aşağı bal yığan tələbəsi 685 bal yığıb. Təbii ki, bu cür ixtisas sağlam rəqabətə və yüksək təhsilə zəmanət verir.

    - Seçim qarşısında olan və gələn il imtahan verəcək abituriyentlərə nə məsləhət görərdiniz?

    - Seçim qarşısında olan abituriyentlərə məsləhətim bu olardı ki, əgər I qrup üzrə hazırlaşırlarsa, heç düşünmədən BANM-ı seçsinlər. BANM-ın kampusu ilə də tanış oldum, çox möhtəşəmdir. Mən həyatımın ən böyük arzusuna çatdım – BANM-ın tələbəsi oldum.Bu çox gözəl hissdir. “BANM-ın tələbəsi” adını qazanmağı hər bir abituriyentə arzulayıram.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi