700 bal toplayan abituriyentlərin əksəriyyəti lisey bitirənlərdir - SORĞU

700 bal toplayan abituriyentlərin əksəriyyəti lisey bitirənlərdir - SORĞU Abituriyentlər belə uğur qazanacaqlarını gözləyirmişlər
Elm və təhsil
16 İyul , 2015 18:21
700 bal toplayan abituriyentlərin əksəriyyəti lisey bitirənlərdir - SORĞU

Bakı. 16 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirdiyi qəbul imtahanlarında I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. "Report" həmin abituriyentlərdən bəzilərinin təəssüratlarını öyrənib. 

Bərdə şəhəri akademik Zərifə Əliyeva adına məktəb-liseyinin məzunu Arzu Həsənli: "İmtahanda 700 bal toplayacağıma əmin idim. I qrup üzrə imtahan verdim. Nəticələri öyrəndikdə yanımda ancaq nənəm var idi. Sevincimi də məhz onunla bölüşdüm. Sınaqlarda 700 bal toplamamışdım. Maksimum 670 bal yığırdım. Buna baxmayaraq özümə inanırdım. Sənədlərimi Bakı Ali Neft Məktəbinin Neft-kimya fakültəsinə vermək istəyirəm".

Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu Firuz Abdulov: "Hazırlıq üçün məktəb müəllimlərinin yanına və litseydə təşkil olunan kurslarda gedirdim. I qrupa imtahan vermişəm. Sonuncu sınaqda 690 bal yığmışdım. Ona görə də 700 bal yığacağıma əmin idim. Bakı Dövlət Universitetində qəbul imtahanından çıxanda atam məni gözləyirdi. Ona da dedim ki, yaxşı yazmışam. Bu səbəbdən də maksimal bal yığacağımı gözləyirdim. Sənədlərimi Qafqaz Universitetinin Mühəndislik fakültəsinə verməyi planlaşdırıram".

Qubadlı rayon Aşağı Mollu kənd orta məktəbinin məzunu Nihad Abbasov: "I qrup üzrə imtahan vermişəm. Bu il müəllim yanına getmişəm. Sınaqlarda topladığım nəticələrə görə özümə inanırdım. Sınaqlarda 680-690 bal yığırdım. Qəbul imtahanında 700 bal topladığmı öyrəndikdə çox sevindim. Sənədlərimi Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyinə verməyi düşünürəm".

Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu Teymur İsmixanov: "I qrup üzrə imtahan vermişəm. Sınaqlarda adətən 680 bal topladığımdan yüksək nəticə göstərəcəyimə əmin idim. Müəllim yanına getməmişəm, ancaq məktəbdə hazırlaşmışam. Sənədlərimi ADA Universitetinin Kompüter mühəndisliyi və ya kompüter elmlərinə verməyi planlaşdırıram".

Bakı Türk Anadolu Liseyinin məzunu Nurlan Məcidov: "IV qrup üzrə imtahan vermişəm. Sınaqlarda 670-80 arası bal toplayırdım. Buna baxmayaraq yüksək bal yığacağıma inanırdım. İmtahandan çıxanda yaxşı yazdığımı bilirdim. Amma evə gəldikdən sonra düzgün cavabları yoxlayanda çox sevindim. Anam evdəydi və sevincimi ilk onunla bölüşdüm. Daha sonra sinif yoldaşlarım və müəllimlərimlə. Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə sənədlərimi vermək istəyirəm. Çünki bacım və qardaşım tibb sahəsi üzrə oxuyurlar. Onlar təhsillərini Türkiyədə davam etdirirlər. Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi də çox istəyərəm". 

Son xəbərlər

Orphus sistemi