700 bal toplayan abituriyent: "Ağlımda ancaq BANM olub və heç vaxt alternativini düşünməmişəm" - MÜSAHİBƏ

700 bal toplayan abituriyent: "Ağlımda ancaq BANM olub və heç vaxt alternativini düşünməmişəm" - MÜSAHİBƏ "Niyyətim bu Ali Məktəbi fərqlənmə ilə bitirdikdən sonra magistratura üzrə təhsilimi xaricdə davam etdirməkdir"
Elm və təhsil
25 Avqust , 2015 18:56
700 bal toplayan abituriyent: Ağlımda ancaq BANM olub və heç vaxt alternativini düşünməmişəm - MÜSAHİBƏ

Bakı. 25 avqust. REPORT.AZ/ Arzu Ədalət qızı Həsənli 1999-cu il aprelin 2-də Bərdə şəhərində anadan olub. 2004-cü ildə Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyinin 1-ci sinifinə daxil olub və 2015-ci ildə bu məktəbi əla qiymətlərlə bitirib. Təhsil aldığı müddətdə hər il fəxri fərmanla təltif olunub. Ölkədə keçirilən ictimai tədbirlərdə hər zaman fəal iştirak edib. Respublika üzrə keçirilən bilik yarışmalarında iştirak edərək təhsil aldığı məktəbi layiqincə təmsil edib. TQDK-nın 2015/2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul olub. "Report" BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən Arzu Həsənlinin müsahibəsini təqdim edir.

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

- Atalar demiş: işləməyən dişləməz. Məncə, 700 balı toplamaq üçün xüsusi bir istedada sahib olmaq mütləq deyil, sadəcə, gündəlik dərslərə mütəmadi olaraq hazırlaşmaq, müəllimlərə diqqətlə qulaq asıb, verilən tapşırıqları vaxtında yerinə yetirmək lazımdır. Mən də belə etdim, məktəbə getdiyim ilk gündən etibarən dərslərimə məsuliyyətlə yanaşdım, yuxarı siniflərə keçdikcə isə qarşıma daha böyük bir məqsəd qoydum: universitetə ən yüksək balla daxil olmalıyam və məqsədimə nail olmaq üçün də əlimdən gələni etməliyəm. Onu da qeyd edim ki, mənim heç vaxt boş vaxtım olmayıb, çünki bütün fikirlərimi dərslərimə cəmləmişdim. İstirahət vaxtımı isə ancaq qidalanmağa və yuxumu almağa çatdırırdım. Hazırlıq müddətində televizora baxmaqdan və başqa əlavə işlər ilə məşğul olmaqdan tamamilə imtina etmişdim. Qəbul imtahanından əvvəl keçirilən sınaqların hamısında iştirak etmişdim. TQDK sınaqlarında ən yüksək balım 670 olmuşdu. İştirak etdiyim sınaqların mənə xeyli köməyi oldu. Belə ki, hər sınaqda çətinliyim olan mövzular aşkara çıxdıqca həmin mövzuların üzərində daha çox çalışırdım. Şükür ki, çəkdiyim əziyyət hədər getmədi. Mənə göstərilən bütün etimadları və öz güvənimi 700 ballıq nəticə əldə etməklə doğrultdum.

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanı çox yüksək səviyyədə keçdi. İmtahan zamanı nəzarətin güclü olması məni tam qane etmişdi. Doğrusu, imtahandan öncə çox həyəcanlı idim. Özümə inansam da, müəyyən qədər tərəddüd, həyəcan var idi. Sual kitabçasını aldıqdan sonra ilk öncə asan suallardan başladım ki, həyəcanım az da olsa keçsin və məncə, bunun çox köməyi oldu. İmtahandan sonra isə sualların hamısını düzgün cavablandırdığıma əmin oldum. Ancaq biləndə ki, 700 bal toplamışam, o zaman keçirdiyim sevinc hisslərimi sözlə ifadə etmək mümkün deyildi. Sevincimi ilk olaraq ailəmlə, daha sonra isə müəllimlərim və başqa yaxınlarımla bölüşdüm. Onlar da mənim bu uğuruma ürəkdən sevindilər və mənə görə fəxr hissi keçirdiklərini dedilər.

- Niyə məhz bu ixtisası və BANM-i seçdin? Bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Bilirdim ki, BANM-ə qəbul olmaq üçün yüksək bal toplamalıyam və bunun üçün var gücümlə çalışırdım. Həm də ölkəmizdə neft-qaz sənayesi ən inkişaf edən sahələrdən biri olduğuna görə yüksək ixtisaslı mühəndislərə tələbatın çox olduğunu düşünüb "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasını seçməyə qərar verdim. Həmçinin, bu ixtisas üzrə az sayda olan peşəkar mütəxəssislərdən biri olaraq seçilmək istəyirəm. Niyə məhz bu ali məktəb sualına gəldikdə isə deyə bilərəm ki, BANM-dəki yüksək keyfiyyətli, ingilisdilli, ödənişsiz təhsilin olması, tələbələrin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar və şərait, gələcəkdə tələbələrin işlə təmin edilməsi, nüfuzlu və peşəkar müəllimlərin dərsləri keçməsi, bir sözlə, hər bir cəhətdən digər ali məktəblərdən lider mövqeyi ilə seçilməsi məni bura cəlb etdi. Ağlımda ancaq BANM olub və heç vaxt alternativini düşünməmişəm. Belə ki, qəbulda 15 ixtisas kodu verilsə də, mən əminliklə ancaq 1 ixtisas kodunu yazdım, çünki BANM-ə qəbul olub və beynəlxalq səviyyəli mühəndis kimi yetişmək mənim əsas hədəfimdir.

- Ən böyük arzun nədir?

- Ən böyük arzum 700 bal toplayaraq BANM-ə qəbul olmaq idi və şükür ki, bu arzuma çatdım. İndi isə arzum ali təhsilimi BANM-də fərqlənmə ilə bitirib gələcəkdə peşəkar mühəndis olmaq və vətənim üçün çalışmaqdır.

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

- BANM-in tələbəsi olmaq artıq gələcəyimin parlaq olacağından xəbər verir. Belə ki, niyyətim bu Ali Məktəbi fərqlənmə ilə bitirdikdən sonra magistratura üzrə təhsilimi xaricdə davam etdirməkdir. Magistr təhsilindən sonra isə SOCAR-da işləməyi planlaşdırıram. Bunun üçün də yenə səylə çalışacağam ki, digər arzularıma da çatım.

Son xəbərlər

Orphus sistemi