Azərbaycanda keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vurulub - FOTO

Azərbaycanda keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vurulub - FOTO Nərgiz Paşayeva: "Baş verən hadisələrin əsas katalizatoru insandır"
Elm və təhsil
31 İyul , 2015 16:06
Azərbaycanda keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vurulub - FOTO

Bakı. 31 iyul. REPORT.AZ/ M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vurulub. "Report" xəbər verir ki, bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə, 250-dən artıq kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər və qrup rəhbərləri iştirak ediblər.

Yekunda olimpiadanın qaliblərinə medal və mükafatlar təqdim edilib. İlk olaraq medal almağa çox yaxın göstəricilər əldə edən 10 məktəbli "Fəxri fərman"a və hədiyyələrə layiq görülüb.

Daha sonra ən böyük medalçı qrupu - bürünc medal sahiblərinin adları açıqlanıb. Ümumilikdə, 92 nəfər bürünc medala layiq görülüb. Bürünc medalçılar arasında 51 ölkənin təmsilçiləri olub.

33 ölkədən 63 nəfər isə Ümumdünya Kimya Olimpiadasının gümüş medalını qazanıb.

Qızıl medal əldə edən məktəblilərə mükafatı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti Nərgiz Paşayeva və Olimpiadanın Rəhbər Komitəsinin sədri Dakvan Li təqdim ediblər.

Bakıdakı yarışma 22 ölkədən olan 35 iştirakçıya qızıl medal bəxş edib. Qızıl medal alan ölkələr Çin (4 medal), Tayvan (4 medal), Koreya (4 medal), Hindistan (2 medal), Yaponiya (2 medal), Rusiya (2 medal), Rumıniya (2 medal), Sinqapur, Polşa, Qazaxıstan, Almaniya, ABŞ, Litva, Tailand, Estoniya, Vyetnam, Macarıstan, Slovakiya, Serbiya, Çex Respublikası, Türkiyə və İran olub.

Çin komandasının üzvü Yifu Ouyanq həm "Birincilər birincisi", həm də "Ən yaxşı nəzəriyyəçi" adına layiq görülüb. ABŞ təmsilçisi David İ-Hsuan Vanq "Ən yaxşı təcrübəçi" adını qazanıb.

Azərbaycan komandası üzvlərindən də yüksək nəticə göstərən şagirdlər olub. Akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin və "İstək" liseyinin 10-cu sinif şagirdi Hüseyn Babayev bürünc medala yiyələniblər.

Rəsmi mərasimin yekun nitqini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayeva söyləyib.

O bildirib ki, Olimpiadanın devizində deyildiyi kimi, həyat doğrudan da böyük bir laboratoriyaya bənzəyir və bu laboratoriyanın ən dəyərli, ən bahalı, ən əvəzedilməz cihazı insan beynidir: "Baş verən bütün hadisələrin əsas katalizatoru da insanın özüdür. İmtahan zamanı mən sizin necə gərgin işlədiyinizi, diqqətinizi cəmləməyə çalışdığınızı müşahidə etdim. 

Uzaqdan-yaxından gələn gənc kimyaçılar və onları müşayiət edən heyət bizim şəhərin müasir simasını gördü. Köhnə Bakının, indikindən heç də az gözəl olmayan qədim simasını, əksini foyedəki sərgimizdən sizlərə hədiyyə etdiyimiz fotoşəkillərdən baxıb təsəvvür edə bilərsiniz. Doğmalarınızın yanına döndükdə, sizdən soruşanda ki Bakının əsas simvolu nədir, gözəl, sehrli, unikal, qədim Qız Qalasını Bakının əsas simvolu kimi göstərin. Romantizmi və qeyri-adiliyi hər kəsi heyran və məftun edən Qız Qalası sizin medallara da həkk olunmuşdur. Çünki bu yeganə, ölməz və qədim simvoldur.

Siz təmsil etdiyiniz ölkələrdə, əlbəttə ki, təbii sərvətlər mövcuddur: qaz, neft, qızıl, pambıq və s. Amma elm olmayan yerdə təbii sərvətləri heç vaxt milli nailiyyətlərə çevirmək mümkün olmayacaq. İqtisadiyyat natamam və dayanıqsız olacaq, cəmiyyətdə doğru-dürüst tarazlıq yaranmayacaq. Bunların hamısı alimlərə, elmə, iti zehnə və ədalətli ürəyə bağlıdır. Məhz sizlər təbii sərvətləri milli nailiyyətlərə çevirəcəksiniz. Mən buna inanıram.

Azərbaycanda bir məzəli məsəl var: deyirlər ki, ev yiyəsi bir qonaq gələndə sevinir, bir də gedəndə. Amma bu ikinci sevincin səbəbi qonağın getməsi olmur. İkinci sevincin əsas səbəbi qonağın ev yiyəsindən razı getməsidir. Əgər belədirsə, biz, əlbəttə, çox sevinirik və sizə "yaxşı yol" deyirik".

Nərgiz Paşayeva Bakıda keçirilən Ümumdünya Kimya Olimpiadasını bağlı elan edib.

Rəsmi bağlanış tədbirindən sonra möhtəşəm Gülüstan sarayında qonaqlara ziyafət verilib. Elə bu məkanda da Beynəlxalq Kimya Olimpiadasının keçiriləcəyi növbəti ölkənin adı açıqlanıb. Bu ümumdünya elm müsabiqəsinin Rəhbər Komitəsinin yeni sədri Macarıstandan olan Qabor Magyarfalvi növbəti yarışmanın Pakistanda keçiriləcəyini elan edib. 

Beləliklə, Bakıdakı Olimpiadanın prezidenti Nərgiz Paşayeva müsabiqənin bayrağını Pakistandan olan baş mentor, professor Xalid Muhammed Xana ötürüb.

Son xəbərlər

Orphus sistemi