4 ilə hazırlanmış “Xocalı fəryadı” adlı rəsm əsərinin təqdimatı olub

4 ilə hazırlanmış “Xocalı fəryadı” adlı rəsm əsərinin təqdimatı olub Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Bakının Ramanı qəsəbəsindəki Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş “Xocalıya Ədalət” adlı tədbir keçirilib.
Elm və təhsil
25 Fevral , 2019 17:48
4 ilə hazırlanmış “Xocalı fəryadı” adlı rəsm əsərinin təqdimatı olub

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Bakının Ramanı qəsəbəsindəki Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş “Xocalıya Ədalət” adlı tədbir keçirilib. 

"Report"un məlumatına görə, tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova, məktəbin direktoru Şəlalə Nadirova, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və digər şəxslər iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Ş.Nadirova Xocalı soyqırımının bəşəriyyətin ən böyük insanlıq cinayətlərindən olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü Ceyhun Qurbanzadənin hazırladığı “Xocalı fəryadı” adlı rəsm əsərinin təqdimatı olub. Müəllif sözügedən rəsm əsərini 4 ilə hazırladığını və bəzən 3-4 ay fasilə vermək məcburiyyətində qaldığını da vurğulayıb: “Çünki Xocalı faciəsinin iştirakçıları ilə bu barədə söhbət edəndən sonra bir müddət özümə gələ bilmirdim. Ona görə fasilə verib, özümü toparlayıb yenidən əsərin üzərində işləməyə başlayırdım”.

Digər natiqlər qanlı hadisənin XX əsrin ən böyük faciəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faicəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əvəzolunmaz işlər həyata keçirilir. Onun təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, faciə zamanı zərərçəkmiş şəxslərə təzminat verilməsinə nail olunması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox önəmli addımlar atılır.

Məktəbin direktoru Ş.Nadirova C.Qurbanzadəyə təşəkkürnamə təqdim edib. Direktor rəssama öz əsərini 198 nömrəli məktəbdə təqdim etdiyinə görə minnətdarlığını bildirib.

Sonda şagirdlərin ifasında Xocalı faicəsinə həsr olunmuş və bəşəriyyəti sülhə çağıran şeirlər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi