31-ci Beynəlxalq İnformatika Olimpiadasının azərbaycanlı iştirakçısı: "Üç ildir hazırlaşıram"

31-ci Beynəlxalq İnformatika Olimpiadasının azərbaycanlı iştirakçısı: "Üç ildir hazırlaşıram" Azərbaycan ilk dəfə olaraq 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir.
Elm və təhsil
5 Avqust , 2019 17:47
31-ci Beynəlxalq İnformatika Olimpiadasının azərbaycanlı iştirakçısı: Üç ildir hazırlaşıram

Azərbaycan ilk dəfə olaraq 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir.

"Report" olimpiadada iştirak edən 4 azərbaycanlının fikirlərini öyrənib.

Xatırladaq ki, iştirakçılardan 3-ü Fizika-Riyaziyyat və İnfotmatika təmayüllü liseyin 10-cu sinif şagirdləri, biri isə Zərifə Əliyeva adına Liseyin məzunudur.

Fizika-Riyaziyyat və İnfotmatika Təmayüllü Liseyin 10-cu sinif şagirdi Abutalıb Namazov "Report"a açıqlamasında bildirib ki, bu olimpiadada artıq 3-cü dəfədir iştirak edir: "Hazırlıq prosesi olduqca ciddi gedib. Çünki uğurlu nailiyyət əldə etmək üçün bu şərtdir. Buna səbəb isə 90-a yaxın ölkənin qatıldığı bu yarışda ən güclü iştirakçılar mübarizə aparır. Ümid edirəm ki, bu il bizim komanda yüksək nəticələrdən birini qazanacaq. Mənim hədəfim isə gümüş medala sahib olmaqdır. Baxmayaraq ki, ötən il medal qazanmaq şansım olsa da, kiçik fərqlə medalı əldən buraxdım. Bu il əlimdən gələni edəcəyəm".

Liseyin digər şagirdi Murad Eynizadə "Report"a açıqlamasında deyib ki, 3 ildir olimpiada üçün hazırlaşır: "Olimpiadaya hazırlaşmazdan əvvəl öz məktəbimizdə respublika informatika olimpiadasında iştirak etmişəm. Daha sonra Təhsil Nazirliyi tərəfindən təşkil edilən təlim məşğələlərinə qatılmışam. Bu məşğələlərdə bizə yerli müəllimlərlə yanaşı xarici mütəxəssislər də təlimlər keçirdi. Keçən il bu olimpiadaya qatılsam da, sistemlə tanış olmadığım üçün yer tuta bilməmişdim. Ötən il qazandığım təcrübə ilə bu il olimpiadadan daha yaxşı nəticələr əldə etməyə çalışacağam. Əlbəttə ki, hər kəs I yeri qazanmaq istəyər. Əlimdən gələni edəcəm ki, heç olmasa gümüş medalın sahibi olum. Rəqib ölkə olaraq Amerika, Çin və Rusiyadan qatılan iştirakçıları güclü hedab edirəm. Çünki həmin ölkələrdə İT sahəsi yüksək inkişaf edib".

Digər iştirakçı İbrahim Tağızadə "Report"a açıqlamasında vurğulayıb ki, iki ilə yaxındır olimpiadaya hazırlaşır: "Tədris ili ərzində dərslərimiz çox olduğundan yalnız 3-4 saat olimpiadaya hazırlışa bilirdim. Həftə sonları isə günün yarısını hazırlıqlara sərf edirdim. Daim təkrarlara üstünlük verirdik. Çünki bir müddət sonra öyrəndiklərimiz yadımızdan çıxırdı. Bu ilki Olimpiadanın məhz Azərbaycanda keçirilməsi bizim üçün daha əlverişli oldu. Rəqiblərimiz güclü olduğundan iddialarım o qədər də böyük deyil. Lakin yenə də medal qazanmaq üçün var gücümlə çalışacağam. Ümid edirəm ki, heç olmasa, bürünc medal qazana biləcəyəm".

Zərifə Əliyeva adına Liseyin məzunu Fərhad Əzimov isə qeyd edib ki, paralel olaraq ali məktəbə hazırlaşdığından çətinlik çəkib: "Ali məktəbə də qəbul oldum. Olimpiada üçün də əlimdən gələni etdim. Olimpiadaya qatılmağımda müəllimlərin dəstəyi çox olub. Öz məktəbimizdə keçirilən təlim məşğələlərində iştirak etmişəm. Ardınca bir il özüm hazırlaşdım. Yarışda rəqib olaraq Çin və Rusiya komandasının iştirakçılarını görürəm. Çünki onlarda bu sahə üzrə proqramlaşdırma daha yüksək səviyyəlidir".

Qeyd edək ki, olimpiada avqustun 11-ə kimi davam edəcək. 

Son xəbərlər

Orphus sistemi