Orta məktəblərin əvvəlki illərinin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Orta məktəblərin əvvəlki illərinin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək İmtahanların idarə olunmasına 95 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1 084 nəzarətçi-müəllim cəlb olunacaq
Elm və təhsil
19 May , 2016 17:17
Orta məktəblərin əvvəlki illərinin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Bakı. 19 may.REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən orta məktəblərin əvvəlki illərinin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 24 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.

İmtahanın gedişini işıqlandırmaq üçün 50-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.

İmtahanda iştirak etmək üçün ərizə verən abituriyentlər mayın 15-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd -  şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 77 27 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Məlumat üçün bildirək ki, imtahanda 12 800 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11 014 abituriyent I qrup üzrə, 1 786 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 12 087 nəfəri (I qrup üzrə 10 405, IV qrup üzrə 1 682 nəfər) Azərbaycan bölməsinin, 713 nəfəri (I qrup üzrə 609 nəfər, IV qrup üzrə 104 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7 951 nəfəri (I qrup üzrə 7 181 nəfər, IV qrup üzrə 770 nəfər) oğlanlar, 4 849 nəfəri (I qrup üzrə 3 833 nəfər, IV qrup üzrə 1 016 nəfər) isə qızlardır. 11 191 nəfər orta ümumtəhsil məktəblərinin, 157 nəfər ali təhsil müəssisələrinin, 1 452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 29 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2000-ci ildəndir.

Bakı şəhərində 6 291, Naxçıvanda 654, Gəncədə 1 595, Sumqayıtda 929, Mingəçevirdə 462, Şəkidə 454, Ağcabədidə 433, Göyçayda 417, Şirvanda 374, Lənkəranda 680, Xaçmazda isə 511 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 95 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1084 nəzarətçi-müəllim cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi