Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı işçi qrupu yaradılacaq

Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı işçi qrupu yaradılacaq "12 illik təhsilə indidən hansı tədris ilindən keçiriləcəyi barədə danışmaq tezdir"
Elm və təhsil
26 Yanvar , 2015 12:41
Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı işçi qrupu yaradılacaq

Bakı. 26 yanvar. REPORT.AZ/ "12 illik təhsilə keçid sadə proses deyil". "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bugünkü mətbuat konfransında deyib.

Nazirlik rəsmisi qeyd edib ki, dünya ölkələrində ümumi təhsilin müddəti 12 il və daha artıqdır: "Dünya təhsil sistemlərində inteqrasiyadan danışılırsa, Azərbaycanda da 12 illik təhsilə keçidlə bağlı müəyyən tədbirlər görülməlidir. Bu məsələ artıq dövlət strategiyasında öz əksini tapıb".

Onun sözlərinə görə, 12 illik təhsilə keçid tədris planlarının köklü şəkildə dəyişilməsini, əsasən dərsliklərin dəyişikliyini nəzərdə tutur: "Buna da müəyyən işlərdən başlamaq lazımdır. Hazırda kurikulum üzrə keçən müddət ərzində təhsil prosesində müəyyən təhlillər aparılıb. İlkin olaraq 12 illik təhsilə keçidlə bağlı mütəxəssislərdən ibarət işçi qrupu yaradılacaq. 12 illik təhsilə keçidin əsas müsbət cəhətlərindən biri də tədris proqramlarının genişləndirilməsidir”.

Təhsilin səviyyələri üzrə bütün təhsil pillələrinə uyğun təhsil proqramlarının 12 illik təhsil sisteminə uyğunlaşdırılacağını deyən şöbə müdiri əlavə edib ki, 10 illik ümumi orta, 2 illik tam orta təhsil-lisey səviyyəsinin müəyyən edilməsi pedaqoji sahə üzrə mütəxəssislər tərəfindən müzakirə olunacaq: "Orada müəyyən detallar da nəzərdə tutulur. Müzakirələr nəticəsində təhsilin səviyyələri üzrə müddətə də nəzər salınacaq. Bu müzakirələrdən sonra qərar qəbul olunacaq. 12 illik təhsilə indidən hansı tədris ilindən keçiriləcəyi barədə danışmaq tezdir. Növbəti müzakirələrin nəticəsindən sonra ümumi məsələyə, 12 illik təhsilə keçidlə bağlı bir çox məsələlərə aydınlıq gətiriləcək".

Son xəbərlər

Orphus sistemi