Yuxarı

​Elmin İnkişafı Fondu “Universitet qrantı” elan edib

Təhsil Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərəcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu yeni bir formatda “Universitet qrantı” müsabiqəsini elan edib. Bu barədə “Report”a Fondun mətbuat xidmətindən bildirilib.

Müsabiqə ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurası, Təhsil Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla elan olunub.

Elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyi nəzərə alınmaqla, bir sıra ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün büdcədə nəzərdə tutulmuş maliyyə vəsaitinin qrantlar şəklində həmin qurumlara ünvanlanması nəzərdə tutulub.

Elmin İnkişafı Fondu tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin cəmi həcmi 910 000 (doqquz yüz on min) manat nəzərdə tutulub.

Təhsil Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərəcək.

Müsabiqə üzrə ekspertizanın nəticələri əsas götürülməklə, ilk növbədə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təqdim olunmuş layihələr maliyyələşdiriləcək.

Adıçəkilən ali təhsil müəssisələrindən layihələr daxil olmadıqda və ya texniki/elmi ekspertiza mərhələsindən keçmədikdə, digər ali təhsil müəssisələrindən müsabiqəyə daxil olmuş layihələrin müsabiqənin ümumi büdcəsi və şərtləri daxilində maliyyələşdirilməsi də nəzərdə tutulur. Müsabiqədə iştirak üçün müvafiq ali təhsil müəssisəsinin rəhbərliyinin təqdimatı tələb olunur.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu noyabrın 3-dən dekabrın 3-ü saat 17.00-a qədər qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2015-ci ilin 1-ci rübündə açıqlanması planlaşdırılır.

Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının (ali təhsil müəssisələrində səyyar seminarlar daxil olmaqla) keçirilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi