"Müəllimlərin sertifikatlaşdırılması imtahanı prosesi rahat idi".
Bunu "Report"a açıqlamasında həmin imtahanda maksimal bal (60 bal) toplayan Xızı rayonu Giləzi qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi Samirə Cəbiyeva deyib.
Onun sözlərinə görə, yay fəsli boyunca tətil günlərində istirahət etmədən təlimlərə qatılıb və bu da onda bir qədər yorğunluğa səbəb olub: "Mənə deyilmişdi ki, müəllimlərin sertifikatlaşdırılması imtahanları müəllimlərin işə qəbulu imtahanları səviyyəsində keçiriləcək. Buna görə də özümü yoxlamaq üçün ard-arda iki il müəllimlərin işə qəbulu üzrə müsabiqələrdə iştirak etdim. Bu imtahanlar mənə bilik səviyyəmi yoxlamaq üçün yeni imkanlar yaratdı və bu imtahanlardan da yüksək nəticələr əldə etdim".
S.Cəbiyeva sertifikatlaşdırma imtahanında bir qədər metodika fənnindən çəkindiyini bildirib: "Çünki dəyişikliklər çoxdur və əvvəl öyrəndiyimiz metodikadan fərqlidir. Xüsusi olaraq bu sahəyə fikir verdim. Amma qorxduğum kimi olmadı və təlimlərdə öyrəndiyimiz, bizə tanış olan mövzulardan suallara rast gəldim. Bir sözlə, qiymətləndirmə prosesi rahat idi. Nəzərə almaq lazımdır ki, bütün müəllimlərin hazırlığı eyni səviyyədə deyil. Bəzilərinin səhhətində problem var, bəziləri öz üzərində işləmir və s. Ona görə də nəticələrdə bu amillər özünü büruzə verir".