​Uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadəyə həsr olunmuş təlimlər başa çatıb

​Uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadəyə həsr olunmuş təlimlər başa çatıb Təlim iştirakçılarına sertifikatlar təqdim olunub
Elm və təhsil
24 Avqust , 2015 17:49
​Uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadəyə həsr olunmuş təlimlər başa çatıb

Bakı. 24 avqust. REPORT.AZ/ "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" layihəsi çərçivəsində 5 günlük "Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi" təlimləri başa çatıb.

Bu barədə "Report"a Gənclər üçün Təhsil Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı ofisi, Avropa İttifaqı, Azərbaycan hökuməti və "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin birgə layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.

Təlimləri yuvenal ədliyyə və uşaqların müdafiəsi üzrə Böyük Britaniyanın Koram Uşaq Hüquq Mərkəzinin məsləhətçisi, 1984-cü ildən etibarən Hüquqi Yardım Məhkəmə vəkili olan Devid Quen keçib.

Proqrama əsasən iştirakçılara regionlarda uşaq hüquqları sahəsində fəaliyyət göstərən vəkillər və sosial işçilər üçün uşaqların cinayət, inzibati, mülki və ailə hüququ sahələrində ədliyyə sisteminə çıxışı, aidiyyatı dövlət orqanları tərəfindən uşaqların hüquq və mənafelərinin qorunması istiqamətində beynəlxalq təcrübə və digər mövzular tədris olunub.

Təlim çərçivəsində UNİCEF-in milli eksperti Ramil İskəndərli iştirakçıları UNİCEF-in ölkədə uşaq hüquqlarının müdafiəsini gücləndirmək, qanunla konfliktdə olan və ya risk altında olan uşaqlara çıxışı təmin etmək, regional QHT-lərin bacarıqlarının artırılması istiqamətində görülən işləri barədə məlumatlandırıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi