Ukraynanın keçmiş təhsil naziri: "Tələbələr rüşvət verməklə yox, imtahan verməklə prinsipiallıq göstərməlidirlər"

Ukraynanın keçmiş təhsil naziri: "Tələbələr rüşvət verməklə yox, imtahan verməklə prinsipiallıq göstərməlidirlər" "Ukrayna diplomlarının xaricdə, o cümlədən Azərbaycanda tanınmaması problemi ilə bağlı heç bir rəsmi müraciət oldunduğunu xatırlamıram"
Elm və təhsil
17 Aprel , 2017 14:09
Ukraynanın keçmiş təhsil naziri: Tələbələr rüşvət verməklə yox, imtahan verməklə prinsipiallıq göstərməlidirlər

Kiyev. 17 aprel. REPORT.AZ/ "İndi Ukraynada təhsil sistemində, o cümlədən ali təhsil sahəsində islahatların aparılması prosesi gedir. Tələbələr prinsipiallıq göstərməli və hər hansı korrupsiya halı barədə məlumat verməlidirlər."

Bu barədə "Report"un Ukrayna bürosuna Ukraynanın keçmiş təhsil naziri Sergey Kvit ölkənin bəzi ali təhsil müəssisələrinin diplomlarının Azərbaycanda tanınmaması ilə bağlı problemi şərh edərkən bildirib.

S.Kvitin sözlərinə görə, onun nazir vəzifəsində çalışdığı zaman Ukrayna diplomlarının ölkə xaricində tanınmaması haqqında heç bir rəsmi müraciət olmayıb.

"Ukraynanın təhsil naziri olduğum vaxtda Ukrayna diplomlarının xaricdə, o cümlədən Azərbaycanda tanınmaması problemi ilə bağlı heç bir rəsmi müraciət oldunduğunu xatırlamıram. Müntəzəm olaraq digər ölkələrin səfirləri, nazirləri ilə görüşürdüm, onlar əcnəbi tələbələrin təhsil prosesi, ali təhsil sahəsində aparılan islahatlarla maraqlanırdılar, amma hansısa irad olduğunu xatırlamıram. Yeri gəlmişkən, ən çox tələbkar, maraqlanan Türkmənistanın səfiri idi", - Sergey Kvit vurğulayıb.

"Əlbəttə, ali təhsil sahəsində korrupsiya real problemimizdir. Bu problemi yalnız Ukrayna ali təhsil müəssisələrində tam maliyyə muxtariyyəti prinsipi ilə yanaşı, islahatlar həyata keçirməklə və ali təhsilin iqtisadiyyatını dəyişməklə həll etmək olar. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, əcnəbi tələbələr imtahanlarda yaxşı qiymətlər üçün rüşvət verəndə bunu şüurlu şəkildə edirlər. Onlar seçimlərinin məsuliyyətini anlamalıdırlar. Ona görə də Ukraynada əcnəbilərin təhsili sahəsində korrupsiyaya qarşı mübarizədən söhbət gedəndə tələbələrin özləri rüşvət verməklə yox, imtahan verməklə prinsipiallıq göstərməlidirlər", - keçmiş nazir bildirib.

Həmçinin, S.Kvit ixtisas səviyyəsi haqqında narahat olan tələbələrə Ukraynanın nüfuzlu ali məktəblərinə daxil olmalarını tövsiyə edib.

"Hesab edirəm ki, Ukraynada ali təhsil sahəsində islahatlar aparmaqla bağlı problem yaranması universitetlərin və onların filiallarının çox sayda olması ilə əlaqədardır. Bütün keyfiyyətsiz universitetlər - belələri xeylidir - bağlanmalıdır. Rəqabətə dözümlü ən güclü ali təhsil müəssisələri qalacaq, onlarda isə tədris yaxşı səviyyədədir", - sabiq nazir fikrini izah edib.

Son xəbərlər

Orphus sistemi