Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) prezidenti Sebahittin Korkmaz, TSİ-nin baş katibi Mehmet Bozdemir, TSİ-nin Azərbaycan üzrə təmsilçisi Selim Çelebi ilə BANM-in rəhbərliyi və professor-müəllim heyətinin görüşü keçirilib. Bu barədə "Report"a Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
BANM-in rektoru Elmar Qasımov BANM-in fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlərin görüldüyünü deyib. Rektor İSO-nun üç modulu üzrə beynəlxalq sertifikata sahib olan Ali Məktəbdə bütün beynəlxalq standartların tətbiq edilməli olduğunu bildirib. O, BANM-in bu istiqamətdə TSİ-nin strukturları ilə əməkdaşlığının vacib olduğunu vurğulayaraq bunun inkişafa apardığını qeyd edib.
TSİ-nin prezidenti Sebahittin Korkmaz Azərbaycana ilk dəfə gəldiyini deyərək Bakıda və BANM-də olmasından məmnun olduğunu bildirib. O, BANM-in qısa müddətdə beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurumla BANM arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyindən əminliyini ifadə edib. İnformasiya təhlükəsizliyi ilə bağlı TSİ-nin təlimlərinin vacibliyini vurğulayan qonaq qarşılıqlı əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını deyib. O, bu əməkdaşlığın ikitərəfli münasibətlərin qurulmasına imkan verəcəyini bildirib.
Qeyd edək ki, BANM İSO-nun üç modulu - ISO 9001 "Keyfiyyət İdarəetmə Sistemi", ISO 14001 "Ekologiya idarəetmə sistemi", OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi" üzrə beynəlxalq sertifikatlara sahib olan ilk və yeganə ali təhsil müəssisəsidir. 2014-cü ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların BANM-də tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirərək BANM-in bütün struktur bölmələrində dünyada qəbul olunan ISO standartlarına uyğun olaraq keyfiyyətin təminatı, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin tətbiq edildiyini təsdiqləyib.