Türk dillərinin müqayisəli lüğəti dərc edilib

Türk dillərinin müqayisəli lüğəti dərc edilib Bildirilib ki, dünya türkologiya elmi üçün böyük dəyəri olan bu lüğət ilk dəfə olaraq tam yayımlanır
Elm və təhsil
19 İyun , 2017 10:26
Türk dillərinin müqayisəli lüğəti dərc edilib

Bakı. 19 iyun. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astanada görkəmli türkoloq alim, qədim və müasir türk dilləri üzrə mütəxəssis Əmir Nacibin "XIV əsr Türk dillərinin tarixi-müqayisəli lüğəti. Qütbun “Xosrov və Şirin” əsəri əsasında" adlı 4 cildlik kitabının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimat Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə baş tutub. 

“Eurasian Book Fair - 2017" beynəlxalq kitab sərgisi çərçivəsində keçirilən mərasimdə aparıcı dövlət xadimləri və fikir öndərləri, diplomatlar, görkəmli türkoloq və ədəbiyyatçılar iştirak edib.

Bildirilib ki, dünya türkologiya elmi üçün böyük dəyəri olan bu lüğət ilk dəfə olaraq tam yayımlanır. Çoxcildliyi tədbir iştirakçılarına akademiya prezidenti Darxan Kıdırali təqdim edib. O qeyd edib ki, Əmir Nacib Qızıl Orda dövründə yaşamış Qütb adlı müəllifin "Xosrov və Şirin" adlı ədəbi əsərindəki 2500 sözü əhatə edən "XIV əsr Türk dillərinin tarixi-müqayisəli lüğəti" adlı 4 cildlik əsəri tamamlayaraq, hələ sağ ikən nəşr olunmaq üçün təqdim etmişdi: "Təəssüf ki, bu əsərin ancaq birinci cildi 1979-cu ildə Moskvada nəşr olunub. Qalan cildləri isə yazıçı həyatda ikən çap edilməyib. Əmir Nəcib ömrünün son illərində yaxın dostu, professor Abduali Kaydar ilə görüşərək əlyazmalarını ona əmanət edib. O, Abduali Kaydar ilə söhbətində "Mən bütün fikir və ideyalarımı türkologiyanın inkişafı üçün xərclədim. Bədənim Moskvada, ruhum qazaxlarla, ürəyim isə sizlərlə birlikdə olacaq. Оrta əsrlər dövrünə aid yazılı əsərlərin çoxu indiki qazax torpaqlarında yazılıb. Ona görə də onların varisləri də sizlərsiniz. Mən onların bir qismini dərc etdirdim. Ancaq yayımlanmayanı da var. İki-üç cildlik əlyazmamı hazırladım. Sizlərə onları nəşr etdirməyiniz üçün əmanət kimi qoyuram" - deyib. 

Beynəlxalq Türk Akademiyası türkoloqların əlyazma irsi və şəxsi arxivlərinə sahib çıxmaq, dəyərli kitablarını toplayaraq, mühafizə etmək, əsərlərini yayınlamaq istiqamətində fəaliyyətini sistemli şəkildə davam etdirir. Qazaxıstanın Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor Abduali Kaydarın da şəxsi kitabxanası və əlyazmaları da akademiyaya təqdim edilib. Həmin kitablar içində Əmir Nacibin çox qiymətli əlyazmaları da var". 

Ə.Nacibin geniş və ciddi elmi yükü olan bu əsərindəki 2500 söz Türk dillərinin tarixi lüğətləri, XI-XV əsrlərdə yazılan 20-dən çox qədim ədəbi əsərlərlə yanaşı, 20-dən çox müasir türk dilinin zəngin qaynaqları ilə müqayisəli şəkildə araşdırılıb. Əsərdə ərəb, fars, monqol, buryat, kalmık dilləri ilə də zəruri müqayisələr aparılıb.

Qeyd edək ki, böyük türkoloq Əmir Nacib 1899-cu ildə Qazaxıstanın keçmiş Semey vilayətinin Baktı kəndində anadan olub. Öncə kənd axundundan, sonra isə Çinin Şaueşek qəsəbəsində Rusiya konsulluğunun nəzdindəki məktəbdə ilk təhsilini alıb. O, daha sonra Semeydəki Müəllimlər məktəbində təhsilini davam etdirib. Ə.Nacib  dünya dillərinin sirlərinə yiyələnərək rus, ərəb və fars dillərini öyrənib. 20-dən çox türk dil və ləhcəsində sərbəst danışıb yazan Ə.Nacib filologiya elmləri doktoru, professor, Sovet Türkoloqlar Komitəsinin və Türk Dil Qurumunun üzvü olub.

Son xəbərlər

Orphus sistemi