Bakı. 10 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.
Komissiyadan “Report”a verilən xəbərə görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00-da başlayacaq.
Xatırladaq ki, bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7 696 abituriyent iştirak edib, onlardan 6 476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.
Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilən imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir.
İmtahanda 1 486 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb.
Abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” TQDK-nın internet saytında yerləşdirilib. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.
Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaq.
Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.