Azərbaycandakı təmayül məktəblərində tədris olunacaq fənlərin sayı azaldılıb

Azərbaycandakı təmayül məktəblərində tədris olunacaq fənlərin sayı azaldılıb Bu siniflərdə şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək
Elm və təhsil
784
11 İyun , 2015 10:30
Azərbaycandakı təmayül məktəblərində tədris olunacaq fənlərin sayı azaldılıb

Bakı.11 iyun. REPORT.AZ/ Azərbaycan təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən X-XI siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin siyahısı və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətinin tədris planları təsdiq edilib. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.

Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək.

Nazirliyin əmrində həmçinin, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

Son xəbərlər

Orphus sistemi