Təhsil Nazirliyi Macarıstan universitetlərinə sənəd qəbulu elan edib

Təhsil Nazirliyi Macarıstan universitetlərinə sənəd qəbulu elan edib Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir
Elm və təhsil
188
3 Fevral , 2016 11:43
Təhsil Nazirliyi Macarıstan universitetlərinə sənəd qəbulu elan edib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın Təhsil Nazirliyi Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Məlumata görə, sənəd qəbulu "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı" çərçivəsində həyata keçirilir.

Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir.

Nazirlikdən bildirilib ki, ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən təmin olunur.   

Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Təhsil Nazirliyi, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Macarıstan tərəfindən həyata keçirilir.

Qeyd edək ki, proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün müəyyən olunan çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulub.