Təhsil Nazirliyi: 12 illik təhsilə keçid üçün 5 variant təklif edilir

Təhsil Nazirliyi: 12 illik təhsilə keçid üçün 5 variant təklif edilir Şöbə müdiri: "Yekunda hansı təklif daha çox səs toplasa və əsaslandıra bilsək, onu da qəbul edəcəyik"
Elm və təhsil
251
15 Aprel , 2016 11:14
Təhsil Nazirliyi: 12 illik təhsilə keçid üçün 5 variant təklif edilir

Bakı. 15 aprel. REPORT.AZ/ "Azərbaycanda tətbiqi nəzərdə tutulan 12 illik təhsil sistemində 10 illik icbarı, 2 illik tam orta təhsilin olması planlaşdırılır. Heç olmasa, 1 il artıq təhsil ili şagirdin yaş səviyyəsinə müsbət təsir edəcək". "Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

Şöbə müdirinin sözlərinə görə, 12 illik təhsilə keçəndə ayrı-ayrı fənlər üzrə təhsilin məzmununun da yükü artacaq: "Təlim yükünün yüngülləşdirilməsində 12 illik təhsil daha önəmlidir. Hazırda bu sahədə müzakirələr gedir, pedaqoji ictimaiyyətin fikri öyrənilir. Müzakirələrdə 5 variant təklif edilir. Yekunda hansı təklif daha çox səs toplasa və əsaslandıra bilsək, onu da qəbul edəcəyik. 12 illik təhsillə bağlı məzmunda çox ciddi dəyişikliklər nəzərdə tutulur".

Dünyada 173 ölkədə 12 illik təhsil sisteminin tətbiq olunduğunu xatırladan nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda bu sistemin olması istiqamətində imkanlar var: "Bununla da məzmunun optimallaşdırılması, təhsil səviyyələri üzrə varisliyin bir-birinə rahat keçidi təmin olunacaq".