“Müəllimlərin işə qəbulu üzrə imtahanın vaxtının 150 dəqiqəyə qədər artırılması çətin sualların sayının çoxaldılması demək deyil”.
“Report” xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva iyulun 10-da keçirilən brifinqdə deyib.
O söyləyib ki, namizədlər vaxtın uzadılmasını imtahan suallarının çətinləşdiriləcəyi kimi qəbul etməməlidirlər: “Məzmun keçən il olduğu kimi qalır. Suallar da həmişə necə idisə, indi də asan, orta və çətin olaraq müəyyənləşdirilib”.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli isə bildirib ki, bəzi hallarda müəllim olmaq istəyən namizəd test imtahanı mərhələsinə gəlmir: “Hətta müsahibə mərhələsində uğur qazanan namizədlər də bu işdən imtina edir”.
Onun sözlərinə görə, bu da digər namizədin əlverişli imkanı əldən buraxmasına səbəb olur: “Müəllim olmaq istəyən namizədlərə müraciət edirik ki, keçid balını yığan, lakin işləmək istəməyənlər vakansiya mərhələsində seçim etməsinlər”.
Qeyd edək ki, bu ildən MİQ üzrə test imtahanı mərhələsi üçün namizədlərə 120 dəqiqə yox, 150 dəqiqə vaxt veriləcək.