​Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

​Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib İclasda Yaqub Mahmudovun Tarix İnstitutunun direktoru vəzifəsinə namizədliyini irəli sürüb
Elm və təhsil
4 İyun , 2016 07:27
​Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Bakı. 4 iyun. REPORT.AZ/ İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın direktor seçkilərinə həsr olunmuş iclası keçirilib.

İnstitutdan "Report"a verilən məlumata görə, iclasda Elmi Şura AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudovun Tarix İnstitutunun direktoru vəzifəsinə namizədliyini irəli sürüb.

Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov çıxışında Yaqub Mahmudovun elmi fəaliyyəti haqqında Elmi Şuranın üzvlərinə ətraflı məlumat verib, onun Tarix İnstitutuna 2004-cü ildən rəhbərlik etdiyini bildirib.

C.Bəhramov qeyd edib ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, “Azərbaycan tarixi atlası”, Dövlət Mükafatına layiq görülən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental tədqiqatlar yazılıb, xarici dillərə tərcümə olunaraq dünya ölkələrində yayılıb.

Elmi Şurada qeyd olunub ki, direktor seçkilərində tək namizəd Tarix İnstitutunun hazırkı direktoru Yaqub Mahmudovdur.

Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli bildirib ki, 2012-ci ilə qədər Tarix İnstitutunda 1 dövlət mükafatı laureatı olub:

“2012-ci ildə isə Azərbaycan prezidentinin sərəncamı ilə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı fəxri adı verilib. Prezidentin bu sərəncamı Azərbaycan elm tarixində çox mühüm hadisə və tarix elminə böyük qayğıdır”.

Tarixçi-alim Şahin Fazil qeyd edib ki, Yaqub Mahmudovun rəhbərliyi dövründə “Tarixe-aləmaraye-Abbasi”nin doğma dilimizə bütöv halda tərcüməsi baş verib, hazırda isə Həsən bəy Rumlunun əsərinin tərcüməsi yekunlaşıb.

İclasda bildirilib ki, 2004-cü ildən sonra Tarix İnstitutunda elmi araşdırma işləri xeyli fəallaşıb.

Daha sonra iclasda Elmi Şuranın digər üzvləri - tarixçi-alimlər Hacı Həsənov, Tofiq Mustafazadə, Kərim Şükürov, Qasım Hacıyev, İradə Bağırova, Həsən Əlibəyli, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev və başqaları çıxış ediblər.

Sonda Y.Mahmudovun namizədliyinə Elmi Şuranın bütün üzvləri yekdilliklə səs verib və onun namizədliyi təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi