Ceyhun Bayramov: “Son zəng”i arzuladığımız kimi keçirə bilməməkdən məyusuq"

Ceyhun Bayramov: “Son zəng”i arzuladığımız kimi keçirə bilməməkdən məyusuq" Təhsil naziri Ceyhun Bayramov bu il XI sinifləri bitirən məzunları “Son Zəng” münasibətilə təbrik edib.
Elm və təhsil
945
12 İyun , 2020 12:35
Ceyhun Bayramov: “Son zəng”i arzuladığımız kimi keçirə bilməməkdən məyusuq
Təhsil naziri Ceyhun Bayramov / Report

Təhsil naziri Ceyhun Bayramov bu il XI sinifləri bitirən məzunları “Son Zəng” münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, təbrikdə deyilir:

“Bilirik ki, bu günü səbrsizliklə gözləyirdiniz. Etiraf edim ki, sizin üçün unudulmaz olan “Son zəng”i arzuladığımız kimi keçirə bilməməyimiz bizi də məyus edir. Lakin bunun səbəbi bütün dünyada baş verən pandemiyanın gətirdiyi yeni bir reallıqdır. Sizin sağlamlığınız bizim üçün ən önəmli məsələdir.

Bu tədris ilinin ikinci yarımilindən şagirdlərimiz doğma məktəblərindən, müəllimlərindən, müəllimlər isə şagirdlərindən ayrı düşməli oldular. Bilirik ki, məktəb hər bir şagird və müəllim üçün ikinci evi qədər doğmadır. Lakin bizim müəllimlərimizin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər hiss olunmadı.

Fürsətdən istifadə edərək pandemiya şəraitində təhsil prosesinin fasiləsizliyini təmin etmək üçün səylərini əsirgəmədən fədakar çalışan müəllimlərimizə öz dərin təşəkkürümü bildirmək istərdim. Öz şəxsi qayğılarını unudaraq televiziya vasitəsilə evdən virtual dərslər keçməklə hər zaman şagirdlərin yanında oldular, onların təhsili naminə çalışdılar.

Bu dövr valideynlər üçün də bir sınaq oldu. Min bir əziyyətə qatlaşaraq evdə şagirdlərə müəllimlik etdiklərinə, onların hər bir qayğısına böyük səbrlə yanaşdıqlarına görə hörmətli valideynlərimizə xüsusi təşəkkür edirəm.

Əziz məzunlar, sizi bir daha ürəkdən təbrik edirəm, həyatınızın yeni mərhələsində uğurlar arzu etmək istərdim. Yolunuz açıq olsun!” 

Son xəbərlər

Orphus sistemi