Bakı. 19 dekabr. REPORT.AZ/ Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı növbəti infoqrafik məlumat açıqlanıb.
Müəllim peşəsinin nüfuzunun artırılması üzrə məlumatda bildirilib ki, 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb, orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşıb. Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət edib. Bu da 2013-cü illə müqayisədə 3 dəfə çoxdur. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib. “Gələcəyin müəllimi” layihəsi çərçivəsində qəbul imtahanlarında 500 və daha artıq bal toplamış və müəllimlik ixtisasını ilk sıralarda seçmiş tələbələr üçün təqaüd müəyyənləşdirilib. Son 5 ildə bu təqaüddən 1500 tələbə faydalanıb. 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir. 2015-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu yaradılıb. 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfərə qədər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib. Onlardan 25 mini yalnız cari ilin payına düşür.