“SOCAR Türkiyə”nin rəhbərliyi ADNSU-da tələbələrlə görüşüb

“SOCAR Türkiyə”nin rəhbərliyi ADNSU-da tələbələrlə görüşüb Tədbirdə SOCAR-Türkiyənin nəzdində olan müəssisələr, həyata keçirilən layihələr və digər faəliyyət istiqamətləri haqqında videosüjet nümayiş olunub
Elm və təhsil
13 Aprel , 2017 18:26
“SOCAR Türkiyə”nin rəhbərliyi ADNSU-da tələbələrlə görüşüb
ADNSU

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SOCAR Türkiyə” şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirilib. 

Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən "Report"a verilən məlumata görə, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı “SOCAR Türkiyə”nin insan resursları üzrə departamentinin rəhbəri Dinar Məmmədova, Əməliyyatlar üzrə departamentin rəhbəri Emil Eminov, “Star Rafineri” şirkətinin planlaşdırma və optimizasiya üzrə şöbəsinin müdiri Eray Sarıbaş universitetinin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirdə "SOCAR Türkiyə"nin nəzdində olan müəssisələr, həyata keçirilən layihələr və digər faəliyyət istiqamətləri haqqında videosüjet nümayiş olunub. “SOCAR Türkiyə”, “Petkim” və digər şirkətlərlə əməkdaşlıqdan söz açan rektor M.Babanlı deyib ki, tələbələr və məzunlar üçün “SOCAR Türkiyə”nin təqdim edəcəyi layihələr onların təcrübə toplaması və gələcək karyera qurmaları üçün mühüm əhəmiyyət kəsb edir.

“SOCAR Türkiyə”nin tələbə və məzunlara yaratdığı bu fürsəti yüksək qiymətləndiririk. Bizim hədəfimiz əlavə modullar və tələb olunan bilikləri vermək naminə çalışmaqdır” - M.Babanlı bildirib.

Tədbirdə tələbə və məzunlar üçün 2 əsas layihə təqdim olunub, tələbələrin yay təcrübəsi keçməsi və “Star” şirkətində mütəxəssis kimi işləməsi məsələləri müzakirə edilib.

“SOCAR  Türkiyə”nin Əməliyyatlar üzrə departamentinin rəhbəri E.Eminov təmsil etdiyi şirkətin yaranma tarixindən, fəaliyyətindən, həyata keçirdiyi beynəlxalq layihələrdən və qarşıda duran məsələlərdən, həmçinin mühüm inkişaf mərhələlərindən danışıb. Qeyd edilib ki, SOCAR bu gün Türkiyədə bir nömrəli investor olmaqla mühüm layihələrə investisiyaların cəlb edilməsini həyata keçirir. Türkiyə isə bu işdə körpü rolunu oynayır.

“Star” neft emalı zavodunun fəaliyyətindən danışan E.Sarıbaş söyləyib ki, inşa olunan bu müəssisə dünyanın ekoloji cəhətdən ən sağlam, səmərəli və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.

"SOCAR Türkiyə" şirkətinin İnsan resursları üzrə rəhbəri Dinar Məmmədova tələbələrə proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Seçim imtahan və müsahibə əsasında aprel ayının sonunda keçiriləcək.

Sonda "SOCAR Türkiyə" şirkətlər qrupunun nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi