​Bakı Slavyan Universitetində Xocalı faciəsi yad edilib

​Bakı Slavyan Universitetində Xocalı faciəsi yad edilib Universitetdə fevralın 26-da Şuşa Dram Teatrının soyqırımla bağlı hazırladığı tamaşanın nümayişi olacaq
Elm və təhsil
24 Fevral , 2015 16:23
​Bakı Slavyan Universitetində Xocalı faciəsi yad edilib

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin Qarabağ bölməsi tərəfindən hazırlanmış “Xocalı soyqırımı” və “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım” adlı kitabların təqdimat mərasimi olub. 

"Report"un məlumatına görə, mərasimin əvvəlində Xocalı şəhidləri anılıb, bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsi yad edilib. Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev Xocalı soyqırımında ermənilər tərəfindən törədilmiş dəhşətləri bir daha xatırladıb, habelə nəşr olunan kitablar barədə məlumat verib: ”Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Xocalı soyqırımına siyasi, hüquqi qiymət verilərək, faciənin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühim işlər görüldü. Bu missiyanı davam etdirən dövlət başçısı İlham Əliyev Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılmasına, erməni vandalizminin ifşasına xüsusi diqqət ayırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” kampaniyası ötən illər ərzində uğurlara nail olub. Bu aksiyaya qoşulan Bakı Slavyan Universiteti öhdəsinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirməyə çalışır. “Xocalı soyqırımı” və “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım” adlı kitabların dünyanın 12 dilində dərc edilməsi bunun əyani sübutudur”.

Tədbirdə AMEA-nın Fəlsəfə, hüquq və sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Habil Həmidov, Xocalıda polis rəisi vəzifəsində çalışmış müharibə veteranı Sadir Məmmədov, Xocalı döyüşlərində iştirak etmiş Burzu Rzayev, BSU-nun dosentləri Əsgər Əhməd, Şirinbəy Əliyev azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım – düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya, mənfur ermənilərin törətdikləri vəhşiliklər, onların azərbaycanlılara qarşı uzun illər apardıqları ardıcıl etnik təmizləmə və təcavüzü nəticəsində on minlərlə insanın qətlə yetirilməsi, elindən-obasından didərgin düşməsi və bu kimi özbaşınalıqlar barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüblər.

AMEA-nın həqiqi üzvü, professor Kamal Abdullayevin təşəbbüsü və tövsiyəsi ilə nəşr olunmuş kitabların müəllifi BSU-nun dosenti, Qarabağ müharibəsi veteranı Sadir Məmmədovdur. Müəllif öz çıxışında kitabın ərsəyə gəlməsində köməklik göstərən BSU rəhbərliyinə dərin minnətdarlığını bildirib. O həm “Xocalı soyqırımı”, həm də “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım” kitablarının azərbaycanlıların məruz qaldığı amansız qətliamın dünya ictimaiyyətinə və gənc nəslə çatdırılmasında əhəmiyyətli vasitə olacağını əminliklə vurğulayıb.

Qeyd edək ki, hər iki kitab dünyanın 12 dilində (rus, türk, ingilis, yunan, ukrayna, fransız, alman, belarus, çex, polyak, bolqar və ivrit) dərc olunub.

Xocalı soyqırımı ilə bağlı BSU-da silsilə tədbirlər təşkil olunub. Universitetdə fevralın 26-da Şuşa Dram Teatrının soyqırımla bağlı hazırladığı tamaşanın nümayişi olacaq.

Son xəbərlər

Orphus sistemi