Bakı. 19 mart. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisi "Yaşıl Biznes Sahibkarlıq İnnovasiyası" adlı proqrama start verib.
Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.
Layihənin əsas məqsədi ölkənin turizm əhəmiyyətli şimal bölgəsində gənclərin ekoturizm quruculuğu sahəsində düzgün maarifləndirilməsinə kömək etmək, onların bu sahədə bacarıqlarını artırmaq və məsləhət almalarına şərait yaratmaqdır. Eyni zamanda, gənclərin ekoloji turizm obyektlərinin və təbiət abidələrinin mühafizəsinə cəlb edilməsi, habelə biomüxtəlifliyin qorunmasına hesablanmış sahibkarlıq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində keçiriləcək maarifləndirmə tədbirlərində gənclərə yeni biznes modelləri, yerli biznesin inkişaf dinamikası, vergi qanunvericiliyi və digər istiqamətlərdə informasiyalar veriləcək, davamlı qaydada yerli icra hakimiyyəti orqanlarının və aparıcı biznes müəssisələrinin nümayəndələri tərəfindən görüşlər həyata keçiriləcək.
Qeyd edək ki, təlimlər Quba şəhər Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirilir.