Bakı. 12 iyul. REPORT.AZ/ "Bu gün ölkədə milli indekslənmə və xülasələndirmə sisteminin olmaması elm sahəsi üzrə çətinliklər yaradır".
"Report" xəbər verir ki, bunu Prezident yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında deyib.
Onun sözlərinə görə, bu gün ölkədə müxtəlif elmlər üzrə birgə tədqiqatlar aparılmır: "Çünki müxtəlif sahələr üzrə tədqiqatlar aparanların bir-birlərindən xəbərləri olmur, jurnalları almırlar. Bu gün jurnalları da kağız şəklində ölkənin bütün yerlərinə göndərmək mümkün deyil. Ona görə də vahid elektron baza yaradılmalıdır. Bundan əlavə, məktub formasında jurnallar olmalıdır".
Sədr müavini qeyd edib ki, ölkədə çap olunan məqalələr bu sahə üzrə mütəxəssis olmayan, digər elm sahəsinin adamının rahat başa düşə biləcəyi formada yazılmalıdır: "Akademiyada xülasə jurnalların olmasını tövsiyə edərdik. Bununla da elmə yeni gələn tədqiqatçının görülən işlər barədə məlumat əldə edə bilməsi mümkün olsun. Artıq milli xülasələndirmə və indekslənmə sistemini qurmağın zamanıdır. Həmçinin, vahid nomenklatura, yəni elmlərin klavikasiyası bir sistemlə getməlidir".
V.Hüseynov xatırladıb ki, bu gün Azərbaycanda 25 elm sahəsi üzrə 403 ixtisas təmsil olunur: "Son daxil olan ixtisaslardan biri də milli təhlükəsizlik və hərbi elmlərdir. Bura da 4 ixtisas daxil edilib. Qüdrətli, güclü olan dövlətlərin hərbisi, hərbisi güclü olanların isə elmi güclüdür. Ona görə də hərbi sahədə yüksək ixtisaslı elmi kadrların hazırlanması mühüm məsələdir. Hərbi kadrlar üçün doktorantura yaradılıb, ixtisaslar təsbit olunub və bu sahədə güzəştə gedərək həmin kadrların tez bir zamanda hazırlanmasına kömək edə bilərik".