​"Samsung Engineering"in təşəbbüsü ilə Sumqayıtda yeni kitabxana açılıb

​"Samsung Engineering"in təşəbbüsü ilə Sumqayıtda yeni kitabxana açılıb Tədbirdə SOCAR, "Azərikimya", Koreya səfirliyinin nümayəndələri iştirak ediblər
Elm və təhsil
27 Noyabr , 2015 16:12
​Samsung Engineeringin təşəbbüsü ilə Sumqayıtda yeni kitabxana açılıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Sumqayıt şəhərindəki 28 saylı orta məktəbdə "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkətinin dəstəyilə yeni kitabxananın açılış mərasimi keçirilib.

"Report" bildirir ki, tədbirdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Koreyanın Azərbaycandakı səfirliyi, "Samsung Engineering Co. Ltd." şirkəti, eyni zamanda SOCAR-ın "Azərikimya" İstehsalat Birliyi, Karbamid Zavodu, şəhər ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl qonaqlarla birgə məktəbin həyətində iməcilik keçirilib və xüsusi ayrılan sahədə müxtəlif növ tinglər və bəzək bitkiləri əkilib.

Açılış mərasimində çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu (Kim Chang-gyu) qeyd edib ki, güclü təhsil gözəl gələcəyin təminatıdır: "Bu cür layihələrin həyata keçirilməsi uşaqların inkişafına böyük təsir göstərir".

Daha sonra çıxış edən "Samsung Engineering"in layihə rəhbəri Yun Ce Ço (Eunjae Cho) tədbirin təşkil olunmasında əməyi keçənlərə təşəkkür edib. O bildirib ki, əsası 1938-ci ildə qoyulan "Samsung"un idarəetmə ideologiyası ən yaxşı məhsul və xidmət göstərməklə yanaşı, cəmiyyət və işçilərin birgə mənfəətini də nəzərə alaraq insanların firavanlığına kömək etməkdən ibarətdir: "Şirkətimiz Azərbaycana gəldiyi gündən yerli əhali ilə geniş əlaqələr qurmaq məqsədilə uşaq evinə köməklik göstərib, məcburi köçkünlər üçün təşkil olunan xeyriyyə tdbirlərində iştirak edib. Bunun davamı olaraq bu gün də kitabxananın açılışı ilə xeyriyyə işlərinin sayını artırmağa nail olduq. Şagirdlər yeni açılan kitabxanadan istifadə edərək öz yaradıcı düşüncələrini və bacarıqlarını daha da inkişaf etdirməklə, ölkənin iqtisadi inkişafı üçün mühüm şəxslərə çevrilə bilər. Şagirdlərə gələcəkdə şirkətimiz tərəfindən inşa edilən gübrə zavodunda savadlı mühəndislər kimi işləmələrini arzu edirəm".

Layihə rəhbərinin sözlərinə görə, şirkət kitabxananın açılışı ilə kifayətlənməyib, şagirdlərin bacarıqlarını inkişaf etdirmək üçün davamlı olaraq bu cür proqramları həyata keçirməyi planlaşdırır: "Samsung Engineering" bele bir sosial öhdəliyi öz üzərinə götürməklə sifarişçi SOCAR ilə olan qarşılıqlı etimadını daha da doğruldaraq, Azərbaycanın gələcək inkişafına da öz təhfəsini vermək niyyətindədir".

Y.C.Ço deyib ki, "Ümid kitabxanası" kampaniyasına "Samsung Engineering" şirkəti tərəfindən 2012-ci ildə start verilib. Regionlarda təhsil mühitini daha da inkişaf etdirmək məqsədi daşıyan bu layihəyə artıq 4 ölkədə tətbiq olunmağa başlanıldığını deyib: "Bu il isə "Samsung Engineering" şirkəti SOCAR-la birlikdə bu layihəni Azərbaycanda həyata keçirməyə başlayıb. Bu layihənin icrası Sumqayıt şəhərinin 3 məktəbində öz əksini tapacaq, ki bunlardan da biri 28 saylı tam orta məktəbdir. Bu kitabxanalar əsaslı təmir olunacaq, yeni mebel və avadanlıqla təchiz ediləcək, ümumilikdə 2 400 kitabla təmin edilməklə şagirdlərin istifadəsinə veriləcək. Bununla yanaşı, "Samsung Engineering"in nümayəndələri tərəfindən kitabxana rəhbərlərinə müəyyən təlimlər keçiriləcək".

Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Teymur Səmədov çıxışında vurğulayıb ki, hazırda şəhərdə iki məktəbin təmir işləri bitmək üzrədir: "Azərbaycanda təhsil hər il daha da inkişaf edir. Hər il ölkə başçısının fərmanı ilə məktəblər təmir olunur, yeni texnologiya və avadanlıqla təmin edilir. Bu məktəb kitabxanasında şagirdlər üçün yaradılan şərait üçün "Samsung" şirkəti və Koreya Respublikasının səfirliyinə təşəkkür edirik. Koreya hər zaman müxtəlif layihələrlə təhsil sistemimizin inkişafına dəstək verib".

Qonaqların çıxışından sonra məktəb şagirdlərinin ifasında elmə, biliyə və kitablara həsr edilən Azərbaycan və ingilis dillərində mahnılar səslənib, səhnəciklər təqdim olunub. Şagirdlərin çıxışlarından sonra rəmzi qırmızı lent kəsilib, tədbir iştirakçıları yeni kitabxana ilə yaxından tanış olublar.

Daha sonra V və VI sinif şagirdləri (ümumilikdə 50 nəfər) ekoloji maarifləndirmə üçün günəş enerjisi ilə işləyən "Eko-nəsil Məktəbi" ("Eco-generation School") proqramı ilə təmin edilib. Dünyada uşaqlar və şagirdlər arasında güclü şəbəkə qurmaq və gənclər üçün təhsil proqramlarını maliyyələşdirməklə ekoloji məlumatlandırmanı təmin etmək məqsədi daşıyan "Eko-nəsil Məktəbi"nin Koreyada fəaliyyətə başladığı 1996-cı ildən bəri layihə artıq Çin, Hindistan və Taylandda icra olunmaqla yanaşı, öz şəbəkəsini genişləndirməkdə davam edir.

"Samsung Engineering Co. Ltd." şirkətinin nümayəndələri SOCAR-ın təşəbbüslərinə qoşularaq növbəti illərdə də bu qəbildən olan layihə və proqramlarını davam etdirəcəklər.

Sonda 28 saylı orta məktəbin rəhbərliyi göstərilən diqqət və qayğıya görə məktəbin pedaqoji kollektivi və şagirdləri adından SOCAR və "Samsung Engineering Co. Ltd." şirkətlərinin nümayəndələrinə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi