“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib Bakı. 12 fevral. REPORT.AZ/ “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.
Elm və təhsil
12 Fevral , 2019 16:07
“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib

Bakı. 12 fevral. REPORT.AZ/ “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva açılış mərasimində çıxışında 2012-ci ildən keçirilən müsabiqəyə ölkə miqyasında marağın ildən-ilə artdığını deyib.

O bildirib ki, ümumilikdə, müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müxtəlif mükafatlara layiq görülüb.

Nazir müavini qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev “Sabahın alimləri” müsabiqəsinin məktəblilər üçün çox önəmli, faydalı olduğunu söyləyib.

O, müsabiqə iştirakçılarının gələcəkdə uğurlar əldə edəcəyinə əminliyini bildirib: "Əminəm ki, sizlərin arasında gələcəyin Nobel mükafatçıları da var. Azərbaycan dövləti gənclərə xüsusi diqqət göstərir. Mən istərdim ki, gənclər elmi layihələrə daha çox maraq göstərsinlər".

Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliğatı departamentinin direktoru Məhəbbət Mehdiyeva müsabiqəyə marağın ildən-ilə artdığını deyib. O, Azərbaycanda şagirdlərin təlim-tərbiyə imkanlarının artırılması üçün tədbirlərin həyata keçirildiyini, dövlətin bu sahəyə qayğısının bundan sonra da davam edəcəyini söyləyib.

Qeyd olunub ki, müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Bu il müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. Müsabiqə iştirakçılarının 173-ü oğlan (55,6%), 138-i (44,4 %) isə qızdır. Layihələrdən 63-ü fərdi, 124-u isə kollektiv işlənilmiş layihələrdir. Müsabiqəyə vəsiqə qazanmış layihələr sırasında mühəndislik kateqoriyası üstünlük təşkil edir (38 layihə).

Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq. Ən yaxşı layihələrin qalibləri Amerika Birləşmiş Ştatlarında hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər. Bu günədək qaliblər sırasından seçilən 41 ən yaxşı layihənin müəllifləri bir dəfə bu müsabiqənin əsas mükafatlarından birini, 5 dəfə isə xüsusi mükafatları, o cümlədən, Beynəlxalq Tətbiqi Geofizika Cəmiyyətinin, YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyasının, Qətərin Tədqiqatlar və İşləmələr Fondunun, Orakl Akademiyasının mükafatlarını alıblar.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Xatırladaq ki, “Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi