Bakı. 18 yanvar. REPORT.AZ/ SABAH qruplarında tədrisə yeni cəlb edilən müəllimlər üçün "Müasir müəllimin fərdi işçi planının (syllabus) tərtibi" mövzusunda ikigünlük nəzəri-təcrübi təlim keçirilib. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, təlimdə 11 ali təhsil müəssisəsindən ümumilikdə 60 müəllim iştirak edib.
Təlim "ADA" Universitetinin Təhsilin idarəedilməsi fakültəsinin dekanı Vəfa Kazdal və dosent Anar Vəliyev keçirib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
SABAH qruplarında tədrisə cəlb edilmiş müəllim-professor heyətinin yeni tədris üsulları ilə daha yaxından tanış olması və daimi inkişafının təmin edilməsi məqsədilə keçirilən təlimlər ildə 2 dəfə təşkil olunur.
Xatırladaq ki, 2014-2015-ci tədris ilindən yaradılan və hazırda 11 ali təhsil müəssisəsini əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH qrupları layihəsi ali təhsil sistemində ən uğurlu layihələrdəndir.