Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəvi olaraq "Novruz bayramı" festivalı keçirəcək. "Report" xəbər verir ki, festival 4 gün ərzində - martın 20-dən 23-dək davam edəcək.
Adıçəkilən festivalda başda Türkiyə olmaqla Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan da iştirak edəcək. İdarənin Türkiyə üçün ayırdığı sahədə ölkənin milli tətbiqi sənət məhsulları və suvenirlərin sərgi-satışı təşkil olunacaq, milli mətbəx ustaları öz məharətlərini nümayiş etdirəcəklər.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalda həmçinin TRT-nin dəstəyi ilə türk xalq musiqisinin məşhur simaları da festivalda konsert proqramı ilə çıxış edəcəklər.
Qeyd edək ki, tədbirin açılışı sabah saat 11.00-da Qoşa Qala Qapısında olacaq.