​QKDK və "ADA" əməkdaşlığa dair memorandum imzalayıb

​QKDK və "ADA" əməkdaşlığa dair memorandum imzalayıb Tərəflər müştərək layihələrin planlaşdırılması, elmi-praktik konfrans və seminarların təşkili sahəsində əməkdaşlıq edəcək
Elm və təhsil
20 Fevral , 2015 15:37
​QKDK və ADA əməkdaşlığa dair memorandum imzalayıb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar Dövlət Komitəsi (QKDK) ilə "ADA" Universiteti (Azərbaycan Diplomatik Akademiyası) arasında müştərək layihələrin planlaşdırılması, elmi-praktik konfransların və seminarların təşkil edilməsini nəzərdə tutan birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, xarici işlər nazirinin müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayev imzalanma mərasimində bildirib ki, ali məktəbin təhsil proqramlarında nəzəriyyə və praktikanın birlikdə tətbiq edilməsinə üstünlük verilir: "Bu baxımdan "ADA" Universitetinin Biznes Məktəbi ölkənin hökumət və özəl iqtisadi qurumları ilə əməkdaşlıq etməklə onları tədris prosesinə cəlb edir və birgə elmi və təlim layihələri həyata keçirir".

QKDK-nın sədri Rüfət Aslanlı ictimaiyyətin qiymətli kağızlar bazarı barədə maarifləndirilməsi, bu bazarın inkişafına dair elmi tədqiqatların aparılması, ali təhsil müəssisələrində qiymətli kağızlar bazarına dair biliklərin tədrisi üçün "ADA" Universiteti ilə əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib.

R.Aslanlı kapital bazarlarının tədrisi sahəsində QKDK-nın "ADA" Universiteti ilə əməkdaşlığının tələbələrin qiymətli kağızlar bazarı sahəsində yüksək bilik və hazırlığının formalaşdırılmasında mühüm əhəmiyyət daşıdığını, kapital bazarlarına dair seminarların təşkil edilməsinin zəruriliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi