A.İmanquliyevanın “Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqaləsi “Azərbaycan” jurnalında (1964, N 12) dərc olunub. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib “Vostoçnı almanax”da (Moskva, 1979, VU buraxılış) çap etdirib. A.İmanquliyevanın müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunub.
A.İmanqulyeva həmçinin, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olub (1971-1973-1979-1981). “Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında” (1970), “Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi” (1977), “Sovet Azərbaycanı və xarici Şərq” (1980), “Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi” (1982), “Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri” (1985), “Şərq filologiyası məsələləri” (1986-1987), “Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə” (1987), “Xarici Şərqin problemləri: tarix və müasirlik” (1988), “Şərq ədəbiyyatında ənənə və novatorluq” (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olub. İctimai işlərdə fəal çalışıb.
Aida İmanquluyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub (1983-cü ildən). O, Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.
A.İmanquliyeva 1992-ci il sentyabrın 19-da Bakıda vəfat edib.