​Prezident İlham Əliyev: “Bölgələrimizdə qəzalı məktəblərin sayı kəskin şəkildə aşağı düşür” - FOTOSESSİYA

​Prezident İlham Əliyev: “Bölgələrimizdə qəzalı məktəblərin sayı kəskin şəkildə aşağı düşür” - FOTOSESSİYA Prezident bildirib ki, bu il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib, istifadəyə verilib
Elm və təhsil
15 Sentyabr , 2014 17:51
​Prezident İlham Əliyev: “Bölgələrimizdə qəzalı məktəblərin sayı kəskin şəkildə aşağı düşür” - FOTOSESSİYA

Bakı. 15 sentyabr. REPORT.AZ/ “Yeni dərs ili ərəfəsində mən Bakıda 20-dən çox məktəbdə olmuşam. Təmir, tikinti işləri ilə özüm şəxsən tanış oluram. Deyə bilərəm ki, tikilən və təmir olunan bütün məktəblər ən yüksək səviyyədədir”.

Report-un xəbərinə görə, bu sözləri Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 saylı tam orta məktəb üçün yeni inşa edilən binanın açılış mərasimində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Prezident bildirib ki, bu il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib, istifadəyə verilib. Ölkə üzrə isə bu il 178 məktəb təmir edilib və tikilib. “Hər il bu proses uğurla gedir. Son on il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib. Ümumiyyətlə isə ölkəmizdə 4500 məktəb vardır. Hələ ki, təmirə ehtiyacı olan məktəblər var, o cümlədən Bakıda. Ancaq onların sayı getdikcə azalır. Xəzər rayonunda isə cəmi bir məktəb təmirsizdir. O məktəbin də təmiri nəzərdə tutulur və gələn dərs ilinədək Xəzər rayonunda bir dənə də təmirsiz məktəb olmayacaqdır.

Bu, çox önəmli məsələdir. Çünki uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, müəllimlər yaxşı məktəblərdə dərs deməlidirlər. Müəllimlərin də iş şəraiti yaxşı olmalıdır”.

Prezident İlham Əliyev vurğulayıb ki, uşaqlar gələcəklərinin öz əllərində olduğunu bilməlidir: “Müəllimlər isə əlbəttə ki, uşaqlara yaxşı tərbiyə verməlidirlər. Uşaqlar, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar”.

Prezidentin sözlərinə görə, son on il ərzində 2900 məktəbin tikintisi, təmiri tarixi hadisədir: “Bu məktəblərin əksəriyyəti 1930-cu, 1940-cı, 1950-ci, 1970-ci illərdə tikilib. Onların bir çoxu artıq bərbad, qəzalı vəziyyətdə idi. Əfsuslar olsun ki, hələ də bölgələrimizdə qəzalı vəziyyətdə məktəblər var. Amma onların sayı kəskin şəkildə aşağı düşür. Dövlətin gördüyü işlər, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, o cümlədən Bakı və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama görə 2016-cı ilə qədər Bakıda məktəblərin təmiri başa çatmalıdır. Amma hesab edirəm ki, artıq gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaq”.

Son xəbərlər

Orphus sistemi