Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
"Report"un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbin binasında görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Bildirilib ki, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Burada da əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Məktəbin ikimərtəbəli binasında 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir. Təhsil müəssisənin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Bundan başqa, təhsil ocağının informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına veriləcək. Məktəbin tədris proqramına ümumilikdə 900 şagird cəlb edilib.

















