Bakı. 6 fevral. REPORT.AZ/ Lerikdə orta məktəblərdə dərslərin boş keçməməsi məqsədilə pensiya yaşına çatmış 42 müəllimlə əlavə müqavilə bağlanıb. Bu barədə "Report"a Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov məlumat verib.
"Lakin buna baxmayaraq, rayonda müəllim çatışmazlığı yenə də əsas problem kimi gündəmdədir. Lerikdə hazırda 116 müəllimə ehtiyac var", - o deyib.
B.Nəsirov qeyd edib ki, şöbə tərəfindən ötən il tələb olunan 236 yerlə bağlı Təhsil Nazirliyinə sifariş verilib: "İmtahanı uğurla verən 79 nəfər göndərişlə təmin olunsa da, onlardan yalnız 48 nəfəri Lerikə işləməyə gəlib. Həmin müəllimlər üçün yerlərdə lazımi məişət şəraiti yaradılıb".
O bildirib ki, Lerikdə müəllim çatışmazlığı məsələsi daha çox ucqar kənd məktəblərində mövcuddur. "Həmin təhsil ocaqları rayon mərkəzindən xeyli uzaqda yerləşdiyindən oralara xüsusən qış aylarında gediş-gəliş çox çətin olur".