Orta məktəb dərsliklərində yer almış dil qüsurları açıqlanıb - MONİTORİNQ

Orta məktəb dərsliklərində yer almış dil qüsurları açıqlanıb - MONİTORİNQ Dilçilik İnstitutunda "Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda konfrans keçirilib
Elm və təhsil
1 Aprel , 2016 11:21
Orta məktəb dərsliklərində yer almış dil qüsurları açıqlanıb - MONİTORİNQ

Bakı. 1 aprel. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirdə İnstitutun direktoru Möhsün Nağısoylu, Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli, İnstitutun şöbə müdirləri, dilçi alimlər, KİV nümayəndələri iştirak ediblər.

İnstitutun direktoru Möhsün Nağısoylu bildirib ki, orta məktəb dərslikləri şagirdlərin ədəbi dilə yiyələnməsində böyük əhəmiyyət daşıyır: "Dərslik müəlliflərinin üstünə böyük vəzifə düşür. Orta məktəb müəllimlərinin də dərsliklərin hazırlanması işində iştirak etməsi vacib məsələdir, çünki orta məktəb müəllimləri şagirdlərin psixologiyasını daha yaxşı bilir. Günümüzdə orta məktəb dərsliklərinin dilində fonetik, leksik və qrammatik normaların pozulması hallarına da tez-tez rast gəlinir. Durğu işarələrinin bəzi hallarda buraxılması, söz sırasının pozulması, sözlərin yerində düzgün işlədilməməsi, morfoloji əlamət və sintaktik vasitələrdən düzgün istifadə edilməməsi, fikir mücərrədliyi və s. dərsliyin dilində rast gəlinən əsas norma pozuntularıdır".

Şöbə müdiri Qulu Məhərrəmli dərsliklərin monitorinq meyarlarını TQDK ilə birgə müəyyənləşdirdiklərini bildirib: "Biz səhvləri tapırıq, sistemləşdiririk və müəlliflərə təqdim edirik. Dərsliklərdə, xüsusilə informatika dərsliklərində dolaşıq cümlələrə, fikirlərə rast gəlinir".

İnstitutun Monitorinq şöbəsinin əməkdaşı, aparıcı elmi işçi Rasim Heydərov məruzə ilə çıxış edib. O bildirib ki, orta məktəb dərsliklərində termin yüklənməsi var: "İnformatika 8-ci sinif dərsliyində bir səhifədə 20-yə qədər termin var. Bu, şagirdlərdə zehni yükləməyə gətirir. X sinif Azərbaycan dili dərsliyində vulqar sözlərin verilməsi yolverilməzdir, həmin sözləri uyğun sözlərlə əvəz etmək olar. Bəzən dərsliklərdə anlaşılmaz ifadələr və cümlələrə rast gəlinir. Dərsliklərdə həddindən artıq qrammatik səhvlər var. Defis və tire işarələrinin qarışdırılmasına dərsliklərdə çox rast gəlinir, bu kimi yanlışlıqlar fikir və ifadə qarışıqlığına gətirib çıxarır. Dərsliklərin hazırlanmasında transliterasiyadan istifadə olunmur, xarici sözlər dərsliklərdə olduğu kimi verilir".

Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov 8-ci sinif Azərbaycan dili kitabında olan dil qüsurlarını araşdırıb. Onun sözlərinə görə, dərslikdə orfoqrafik səhvlər çoxdur: " "Karet" sözü "kareta", "Təzəpir" sözü "Təzə pir" kimi yanlış verilib. Dərslikdə xüsusi isimlər ümumi isimlər kimi verilir, bu son zaman çox geniş yayılıb. Bu dərslikdə üslubi səhvlər də az deyil. Məsələn: "Onu icra etməyincə toy adətinə başlamaq olmaz" - cümləsində toy mərasimi adət kimi təqdim edilib. "Mən ancaq isti ölkələrdə yaşayıram" cümləsi üslub cəhətdən doğru deyil, "isti yerlərdə" doğrudur".

Son xəbərlər

Orphus sistemi