Bakı. 16 iyul. REPORT.AZ/ Ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün aprel və iyun aylarında aparılan elektron qeydiyyatdan keçməyən abituriyentlər üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladılıb ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu iki dəfə - 2018-ci il martın 29-dən aprelin 30-dək və mayın 17-dən iyunun 20-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanında iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən cari ilin abituriyentləri avqustun 20-dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.
Yuxarıda göstərilən tarixlərdə elektron ərizə doldurmuş, lakin kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçməyən abituriyentlər də elektron ərizələrinə daxil olmaqla müvafiq bəndi seçib qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, 11 illik bazadan kolleclərin ixtisas seçiminə isə ümumi balı 30‑dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 16-20 avqust tarixlərində aparılacaq.