"Məzunların ixtisas sahibi olması dövrün problemidir. Hər il bu sahədə vəziyyət nisbətən yaxşılaşsa da, hələlik bu problemin həlli istiqamətində addımlar atılmalıdır".
"Report" xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda hər il doğulan 150-160 min uşaq məktəbi və ya hər hansı təhsil prosesini bitirəndə əmək bazarına ixtisas sahibi olmadan daxil olur: "9-cu sinfi bitirir, əlində attestatı var, ancaq heç bir ixtisası yoxdur, 11-ci sinfi bitirir və eyni problemlər qalır. Bütün təhsil müəssisələrində olan oturacaqların sayı ilə həmin doğulan uşaqların sayı arasında bəlli fərq var. Fərq də ondan ibarətdir ki, bir çox hallarda həmin şəxslər öz təhsillərini davam etdirmək istəmirlər. Təbii ki, ali və peşə təhsili arasında ənənəvi fərq var".
E.Əmrullayev bildirib ki, peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı son dövrdə 30 % artıb: "Qəbul isə 12 % artıb. Hazırda təhsil alanların sayı isə 26 500 nəfərdir. Sovet dövründə ali təhsil müəssisələri üçün qəbula plan yerlərinin sayı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır. Son 5 ildə əhalinin demoqrafik inkişafı ilə əlaqəli ərizə və qəbul arasındakı fərq 2-dən aşağı düşüb. Universitetə qəbul üçün 90 minə yaxın şəxs ərizə verirsə, təxminən 48 mini qəbul olur".