Əvvəllər bilik daha önəmli sayılırdısa, indiki dövrdə fərqli bacarıqlara daha çox üstünlük verilir.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şagirdlərin koqnitiv bacarıqları kifayət qədər yaxşı olsa da, müşahidələr onların iş həyatına atılmaları üçün lazımi praktiki bacarıqları yetərli olmadığını göstərir: "SABAH Akademiyasını yaradarkən istedadlı tələbələri ölkənin iqtisadi sektorunun liderləri ilə bir araya gətirməyi hədəfləyirdik. Bu il rəqəmsal bacarıqların ilk məzunları olacaq və Azərbaycan təhsili üçün önəmli yenilikdir. "Rəqəmsal bacarıqlar" layihəsinin məzunları yaşıdlarından fərqli olaraq startap kimi mövzulara daha yaxşı hakim olaraq tələbə həyatına başlayacaqlar".
Nazir bildirib ki, ölkədə 15 yaşına qədər gənclərin iki faizi aldıqları təhsil sayəsində dünyanın qabaqcıl ölkələrində yüksək təhsil almış yaşıdları ilə bərabərsəviyyəli bilik və bacarıqlara malikdirlər: "Böyük inkişafa nail olmaq üçün ani dəyişiklikdənsə, bizim etdiyimiz dəyişikliyə mərhələli formada məktəbdən başlamaq lazımdır".