Bakı. 21 iyun. REPORT.AZ/ "2020-ci ilə qədər Azərbaycanda məktəbəhazırlığın əhatəlilik səviyyəsi 90 faizə çatdırılacaq".
"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin hesabat tədbirində təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bu istiqamətdə digər hədəfin keyfiyyətin yaxşılaşdırılması olduğunu və artıq bununla bağlı bir sıra layihələrin həyata keçirildiyini bildirib.
Ceyhun Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıqda iş aparılır.
“Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda edilən dəyişiklikləri diqqətə çatdıran nazir ali təhsil müəssisələrinə qəbul üzrə əsasən iki dəyişikliyin nəzərdə tutulduğunu vurğulayıb. Belə ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.
Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirən təhsil naziri sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacib olduğunu deyib.