Ukraynada yerləşən Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici dillər Liseyinin direktoru Valentina Antonenko və İrpen şəhər Təhsil İdarəsinin əməkdaşı Oksana Zubenko muxtar respublikada səfərdə olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosun verilən məlumata görə, ukraynalı qonaqlarla yanaşı, Bakıda yerləşən Zərifə Əliyeva adına Liseyin direktor müavini Aynur Hüseynova və SOCAR-ın nümayəndəsi Vüsal Əhmədov da Kəngərli rayonunun Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinə olublar. Qonaqlar əvvəlcə akademikin - məktəbin foyesində yerləşən büstünü ziyarət edib, qarşısına tər güllər düzüblər. Məktəbdə yerləşən alimin həyat və fəaliyyətini əks etdirən Xatirə Muzeyini ziyarət edəndən sonra siniflərlə tanış olub, tədris prosesini izləyiblər.
Məktəbin müəllim kollektivi ilə görüşdə Valentina Antoninko bildirib ki, 15 ildir məktəbləri akademik Zərifə Əliyevanın adını daşıyır. Liseydə alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yerləşdiyi küçə də akademik Zərifə xanımın adını daşıyır. Qeyd edib ki, məktəbdə 2500 şagird təhsil alır. Bildirib ki, bu ildən liseylərində Azərbaycan dilində də dərs keçirməsinə başlanılıb.
Vurğulanıb ki, İrpendə fəaliyyət göstərən görkəmli oftalmoloq-alim Zərifə Əliyeva adına məktəb ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindəndir. Ona görə biz məmnunuq ki, hərbi əməliyyat zamanı zərər çəkmiş Zərifə xanım Əliyevanın adını daşıyan təhsil müəssisəsi ölkə Prezidentinin tapşırığı ilə SOCAR Enerjy Ukrain tərəfindən qısa zamanda bərpa olunub. İrpenli qonaq buna görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Gətirilən hədiyyələr məktəbə təqdim olunduqdan sonra Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici dillər Liseyi ilə Kəngərli rayon Şahtaxtı kənd tam orta məktbi arasında “Dostluq körpüsü” adlı əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşün sonunda Ukrayna Respublikasının İrpen şəhərində yerləşən Zərifə Əliyeva adına Humanitar Dillər Liseyindən bəhs edən videoçarx nümayiş etdirilib.