Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının Nadir və qiymətli nəşrlər fondunda 700-ə yaxın miniatür kitab mühafizə olunur.
Bu barədə "Report"a Nadir kitablar və qiymətli nəşrlər fondunun müdiri Sevil Məmmədova məlumat verib.
O bildirib ki, bu kitabların əksəriyyəti Moskva Mərkəzi Kitab Kollektorundan mübadilə yolu ilə əldə edilib. 1976 (31 nüsxə), 1977 (55 nüsxə), 1978 (50 nüsxə) 1979 (78 nüsxə), 1980-ci illərdə (80 nüsxə) daha çox miniatür kitab alınıb. 114 nüsxə miniatür kitab SSRİ dövrünə aiddir. Bütün dövrlərdə aktiv istifadə olunan məlumat xarakterli kitablar-müxtəlif dillər üzrə lüğətlər də sayca üstünlük təşkil edir (53 nüsxə).
"Nizami Gəncəvinin “Aforizmlər”, “Yeddi gözəl” poemasının miniatür nəşrləri də miniatür kitab kolleksiyasının qiymətli nəşrlərindəndir. Kolleksiyada Məhsəti Gəncəviyə, Məhəmməd Füzuliyə aid miniatür nəşrlər də qorunur. Kitab mədəniyyətinin təbliği məqsədi ilə Mərkəzi Elmi Kitabxananın Nadir kitablar və qiymətli nəşrlər fondunda saxlanılan bu unikal incilər qorunma qaydalarına uyğun şəkildə xüsusi hazırlanmış şüşə rəflərdə nümayiş etdirilir", - S.Məmmədova qeyd edib.

