Müəllimlər "imtahan meydanında": işə qəbul müsabiqəsi

Müəllimlər "imtahan meydanında": işə qəbul müsabiqəsi Bu gün ölkədə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə keçirilir.
Elm və təhsil
24 Avqust , 2020 15:01
Müəllimlər imtahan meydanında: işə qəbul müsabiqəsi

Bu gün ölkədə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə keçirilir. Qeydiyyatdan keçmiş 53 880 namizəddən 46 228 nəfəri müsabiqənin test mərhələsinə buraxılıb.

Qeyd edək ki, bu gün koronavirus pandemiyası üzündən müsabiqənin test mərhələsi bir qədər fərqli qaydada keçirilir. Belə ki, sosial məsafə qaydası nəzərə alınaraq imtahanların keçirilməsi üçün daha çox bina ayrılıb. Tədbir Bakı, Sumqayıt, Şirvan, Gəncə, Ağstafa, Tovuz, Kürdəmir, Ağdaş, Lənkəran, Masallı, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, İsmayıllı şəhərlərinin 32 mərkəzində keçirilir.

Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, bu il namizədlərin yaşayış yeri üzrə verdikləri imtahanlar 14 avqustdan başlayaraq sentyabr ayının əvvəlinədək davam edəcək. Hər bir namizəd 90 dəqiqə ərzində 60 suala cavab verməlidir. Bunların 40-ı ixtisasa, 20-si də tədrisin strategiyası və metodikasına aiddir. Bu ilin mühüm yeniliyi hər namizədə imtahandan sonra səhv cavab verdiyi suallara baxıb öz nöqsanlarını təhlil etmək üçün 10 dəqiqə vaxt verilməsidir.

Şöbə müdiri həmçinin imtahanların Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təqdim edilmiş İmtahanlar zamanı koronavirus infeksiyasının profilaktikası haqqında” metodik göstərişlər rəhbər tutmaqla keçirildiyini nəzərə çatdırıb. Belə ki, imtahan mərkəzinə yalnız hərarəti 37 dərəcədən aşağı olan şəxslər qoruyucu maska taxmaq şərtilə buraxılır. Həmçinin onlara girişdə tibbi əlcək də paylanır. İmtahan sessiyası başa çatanda isə namizədlərin masaları dezinfeksiya olunur. İmtahanın keçiriləcəyi tarixi və yeri namizədlər şəxsi kabinetlərinə daxil olmaqla öyrənir. Gecikənlər imtahana buraxılmır.

Fizika müəllimlərinin imtahanında 56 bal toplayan namizəd Ülkər Abdullayeva imtahanlarda ilk dəfə iştirak etmədiyini bildirib: “Müəllimlərin işə qəbulu müsabiqəsində ilk dəfə 2016-cı ildə iştirak etmişəm. O zaman 45 xal toplayaraq İmişli rayonu Qulubəyli kəndinin orta məktəbinə təyinat aldım. Orada bir qədər işləyəndən sonra yenidən özümü sınayıb daha çox xal toplamaq istədim. 2019-cu ildə imtahan verib 53 xal toplayaraq Bakı şəhəri Sabunçu rayonunun 67 nömrəli məktəbinə müvəqqəti müqavilə ilə qəbul olundum. Bu il isə 56 xal topladım. Hərçənd tələsməsəydim, yəqin daha çox toplaya bilərdim”.

Namizədin fikrincə imtahandakı suallar elə də çətin deyildi: “İmtahanların təşkili şəffaflıq və ədalət baxımdan ildən-ilə daha da təkmilləşir. İmtahandan dərhal sonra səhvləri görmək üçün yaradılan imkan məni də, mənim kimi yüzlərlə namizədi də sevindirdi. Əvvəllər isə namizədlər harada səhvə yol verdiklərini bilməyib qalırdılar məəttəl. Əlbəttə, imtahan qurtaran kimi öz səhvlərini görəndə adam o cür əsəb və sarsıntıdan xilas olur”.

Bakı Dövlət Universitetinin məzunu Səma Həsənova da keçən ildən müəllim işləyir: “2019-2020-ci tədris ili üçün keçirilən imtahanda 52 xal topladım və bu nəticəyə görə Şuşa rayonu Quşçular kəndinin orta məktəbində müvəqqəti müqavilə ilə 4 ay biologiya müəlliməsi işlədim. Daimi işə düzəlmək üçün bu il yenidən imtahana getdim və 55 xal topladım. Verilən suallar çətin deyil, amma fikirləşmək lazım gəlir. Hər halda insan qarşısına məqsəd qoyubsa, mütləq istədiyinə nail olacaq”.

Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq istəyən Balakən rayonu sakini Gülnaz Müqumova üçüncü dəfədir müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edir: “Keçən il 52 xal toplamışdım, bizim rayonda boş yer olmadığı üçün müvəqqəti müqavilə ilə Kürdəmir rayonu Çol Ərəb kəndinin orta məktəbində işlədim”.

Namizədin fikrincə, müsabiqənin test mərhələsində təşkilati yeniliklər, xüsusilə də Bakıya getmək şərtinin aradan qaldırılması namizədlər üçün böyük rahatlıq gətirdi: “Mən imtahanı elə məzunu olduğum məktəbdə verirdim. Doğma məktəbdə imtahan verib yüksək nəticə göstərmək, sənə olan ümidləri doğrultmaq nə qədər də gözəldir. O qədər sevinirəm ki, bunu sözlə ifadə edə bilmərəm”.

Gülnaz xanım metodikaya aid cəmi bir suala səhv cavab verib: “İmtahan qurtarandan sonra 59 xal topladığımı görüb təəccübləndim. Sonra məlum oldu ki, şübhələndiyim suallara düzgün cavab vermişəm, amma düzgün cavab verdiyimə amin olduğum sualda sən demə səhvə yol vermişəmmiş. Ona görə də bütün namizədlərə üzümü tutub diqqətli olsunlar, hər sualı hərtərəfli anlamaq üçün bir neçə dəfə oxusunlar demək istəyirəm. Onda səhvlərin çoxunu buraxmazlar”.

Qeyd edək ki, müsabiqənin test mərhələsində lazımi xal toplayan namizədlər yer seçmə mərhələsində iştirak edəcəklər. Tədris ilinin başlamasına az vaxt qaldığı üçün müsabiqəni uğurla başa vuranlar müvəqqəti müqavilə ilə işə qəbul olunacaq, daha sonra isə cari vəziyyətə görə ya onlayn şəklində, ya da ənənəvi şəkildə müsahibədən keçiriləcəklər. Müsahibədən uğurla keçənlərlə müddətsiz əmək müqaviləsi bağlanacaq.

Müsabiqə başa çatandan sonra boş qalan, yaxud tədris ili müddətində boşalan yerlər daha çox xal toplamış namizədlərlə mərkəzləşdirilmiş qaydada doldurulacaq.

Mövcud qaydaya görə, müsabiqənin yüksəliş xal həddi namizədlərin test mərhələsində göstərdikləri ümumi nəticələrə, boş yerlərin sayına görə Təhsil Nazirliyi tərəfindən təyin edilir.

Nailə Abbasova

Son xəbərlər

Orphus sistemi