DİM Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edib

DİM Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edib Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyəsi üzrə 3 yer ayrılıb.
Elm və təhsil
380
8 İyul , 2020 15:30
DİM Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edib

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyəsi üzrə 3 yer ayrılıb.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 09 – 16 iyul 2020-ci il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:

1.  Şəxsiyyət vəsiqəsi;

2.  Cari ildə orta məktəbi bitirən məzunların 2020/2021-ci tədris ili ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi” forması (varsa), əks təqdirdə bitirdiyi məktəbdən illik qiymətləri göstərilən arayış;

3.  Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi;

4.  Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);

5.  Əlaqə məlumatları.

Müsabiqədə iştirak etmək hüququna 2020-ci ildə orta məktəbin rus bölməsini bitirən, 2020-ci il iyulun 10-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının illik qiymətləri) 4 və 5 olan, attestatında riyaziyyat, rus dili və xarici dil fənləri üzrə yekun illik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 17 iyul 2020-ci il tarixində onlayn müsahibə keçiriləcək.

Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr, politologiya, dövlət və bələdiyyə idarəetməsi, ticarət işi ixtisaslarından biri üzrə iştirak edə bilərlər.

Abituriyent kimi göstəriciləri ən yüksək olan və onlayn müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır. 

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində keçiriləcək. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar. 

Qəbul olunanlardan aşağıdakı sənədlər tələb olunacaq:

1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi; 
2. Milli pasportun surəti; 
3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 8 ədəd fotoşəkil; 
4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış; 
5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi; 
6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat; 
7. Sifilis və Hepatit B müayinəsinin nəticəsi; 
8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.